Nəqliyyat fakültəsinin Şəhid tələbəsi Kəmaləddin Məmmədzadə


       Azərbaycan Memarlıq və İnşaat Universitetinin Şəhid tələbəsi Kəmaləddin Məmmədzadə. Vətən müharibəsində düşmənə qan udduran igidlərimizdən biri olub.

       Məmmədzadə Kəmaləddin Vüqar oğlu  1999-cu il sentyabrın 14-də Bakı şəhəri Xətai rayonunda anadan olub.  2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbə gedib. 2017-ci ildə orta məktəbi bitirib və Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Nəqliyyat fakültəsinə Geodeziya və Xəritəçilik mühəndisliyi ixtisasına  daxil olub. 2-ci kursda oxuyarkən təhsilini dondurur və hərbi xidmətə yollanır.  Vətən müharibəsi başlayan zaman döyüş bölgəsinə göndərilir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak edir. Yaralı komandirinin dediyinə görə onların tağımı düşmənin 5 tankını və xeyli sayda canlı qüvvəsini  məhf edir. Kəmaləddin özü isə bir neçə düşməni yox  edərək döyüş yoldaşını ölümdən qoruyur.  Döyüşün 44-cü günü Şuşa şəhərindən Xankəndi şəhərinə giriş edərkən səhər saat 05:00-da boynundan snayperlə vurularaq qəhrəmancasına Şəhid olub.

     Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Kəmaləddin döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilir.

     Nəqliyyat fakültəsinin əməkdaşları Vətən uğrunda şəhadətə yüksəlmiş Kəmaləddinin ailəsi ilə görüşüb, ailəsinə Universitet rəhbərliyi və Nəqliyyat fakültəsi adından dərin hüznlə baş sağlığı verib.

17-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]