Düşmənlə mübarizədə böyük şücaət göstərən Şəhid məzunumuz Nurlan Zeynalov


        Şuşa şəhəri uğrunda gedən döyūşlərdə qəhramancasına həlak olan məzunlarımızdan biri də Nurlan Zeynalovdur. Nurlan fədakar, savadlı, mərd, vətənpərvər, cəsur gənc idi.  Vətən torpaqlarının düşməndən azad olunması uğrunda canını fəda etmək kimi başları uca edən bir  yola qədəm qoymuşdu. Amansız, lakin şərəfli ölüm onu bir daha ucalara qaldırdı.  Vətən və torpaq sevgisi canına, qanına hopan bu gəncin igidliyi ölümündən sonra dillərə düşdü.

        Nurlan Rafael oğlu Zeynalov 1989-cu ildə Sabirabad rayonunda anadan olub. Sabirabadda 1 saylı məktəbdə oxuyub.  Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə daxil olub. Fakültədən onun tanıyanlar  intelletual, nizam-intizamlı gənc kimi xarakterizə edillər.

        Universiteti müvəffəqiyyətlə bitirən Nurlan daha sonra vətən borcunu ödəmək üçün hərbi xidmətə yollanır.  Hərbi xidmətdə olduğu müddətdə hərb elminin incəliklərini dərindən öyrənir. Bu amalla sanki o, özünü Vətən uğrunda döyüşlərə hazırlayır. Buna görə də hərbi xidmətdə nümunəvi bir vətəndaş kimi xidmət edir, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kursları uğurla başa vurub, ehtiyatda olan zabit kimi tərxis alır. Hərbi sahəyə xüsusi marağı Nurlanı Müdafiə Sənaye Nazirliyinin Milli Aerokosmik Agentliyində işləməyə gətirib çıxarır. O, Agentliyin institutlarının birində kadr şöbəsinə müdir təyin edilir. Gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində daim nümunəvi fəaliyyəti ilə fərqlənir.

       Sentyabrın 27-i onun həyat yolunda qəhrəmanlıq mərhələsinin başlanğıcı olur. O da zabit olaraq döyüş sıralarına qoşulur. Nurlan iş yerində dostları ilə vidalaşaraq hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə gedir. O, sentyabrın 29-da isə qızı Nuray, ailənin digər üzvləri və dostları ilə vidalaşır və  Gəncədəki hərbi hissələrin birinə yola düşür. Baş leytenant kimi yeni yaradılmış hərbi hissədə rota kamandiri olaraq təyinat alır və  Şuşa uğrunda döyüşlərə atılır. Ağır keçən döyüşlərin birində yaralanan Nurlan hərbi xəstəxanaya yerləşdirilir. Lakin ilkin müalicə aldıqdan sonra yenidən cəbhəyə can atır. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərdə rota kamandiri kimi xüsusi ilə fərqlənir. Döyüşdə göstərdiyi böyük şücaətə görə məzunumuz baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlir.  Lakin namərd gülləsi gənc və fədakar komandirin ömrünə son qoyur.

       Nurlan Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərir və ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə  “İgidliyə görə” və “Vətən Uğrunda” medalları ilə təltif edilir.

       AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə  başsağlığı verir və Allahdan səbr diləyirik!

 

17-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]