Ömrünün 23-cü baharında Şəhidlik zirvəsinə yüksələn məzunumuz Samir Xəlili


      Qarabağ Vətən Müharibəsində düşmənlə rəşadətlə savaşaraq şəhadətə yüksələn məzunlarımızdan biri də  Samir Xəlilidir.

      1996-cı ildə sentyabrın 6-da Bakı Şəhərində anadan olub. Uşaq vaxtlarından yaşıdlarından hər zaman fərqlənməyi bacarıb. 2014-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə qəbul olur. Universitetdə təhsil aldığı 4 il müddətində nizam-intizamı, təlim-tərbiyəsi ilə müəllim və qrup yoldaşlarının  hörmətini qazanır. Tələbə yoldaşları onu həyat dolu, mərd, hörmətcil biri kimi təsvir edillər.

      2018-ci ildə  Universiteti bitirən Samir hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra uşaqlıq arzusu olan polis orqanlarında işə qəbul olunur. Oktyabrda baş leytenant kimi işə başlayacaq Samirə daha uca məqam Şəhidlik qismət olur. 

     Tovuz hadisələrindən sonra o da digər igid oğullarımız kimi könüllü olaraq hərbi xidmətə yazılır. Sentyabrın 27-də düşmənə qarşı əks hücum əməliyyatı başlayan zaman cəhbəyə yollanır. İlk olaraq Füzuli istiqamətində döyüşlərə qatılır. Səfərbərliklə hərbi əməliyyatlara cəlb olunan Samir öz vətənpərvərliyi ilə döyüş yoldaşlarından seçilməyi bacarır. Sürücü kimi xidmətə yazılsa da maşın sürməkdən imtina edir. Dostları ilə birgə əli silahlı düşmən üzərinə şığıyır. Üç dəfə ağır döyüşlərdə olur. İkinci döyüşdə yanında mina partlasada möcüzəvi şəkildə sağ qalır.   Sonuncu döyüşündə isə şəhadətə yüksəlir. Ölümündən sonra igid məzunumuz Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif edilir.

      Ömrünün 23-cü baharında şəhidlik zirvəsinə ucalan məzunumuz əsrlər boyu unudulmayacaq tarix yazaraq bu dünyadan köçür. Allahdan bir daha igid şəhidimizə rəhmət, ailəsi və yaxınlarına isə sonsuz səbr arzulayırıq.

 

 

 

17-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]