ST və MKS fakültəsinin Şəhid Məzunu, Şuşa fatehi İsmayıl Kərimli
Vətən Müharibəsindəki qələbəmizdə imzası olan 2802 nur üzlü Şəhidlərimizdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) əsgəri- şəhid İsmayıl Ceyhun oğlu Kərimlidir.
Valideynləri deyir ki, müharibə başlayan gündən etibarən İsmayılın ürəyi cəhbə ilə döyünüb. Ona çağırış gələndə sevincinin həddi hüdudu olmayıb. Üzügülər müharibəyə gedib.
İsmayıl 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Melorasiya və su təsərrüfatı tikintisi ixtisasında təhsil alıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü orduya yazılıb. Bir çox döyüşlərdə iştirak edib. Hadrut döyüşləri zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə girərək Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgərini məhf edib. Sonuncu döyüşü Şuşanın Daşaltı kəndində olub. İsmayıl Daşaltından Şuşa yoluna hücum edən birinci dəstədə yer alıb. Noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb. O, Qaradağ rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüşlərdə şəxsi mərdlik və igidlik göstərib. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İsmayıl Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mərdlik, cəsurluq, igidlik sanki İsmayılın əyninə tikilən paltar idi. Qorxmazlığı ilə seçilirdi. Müəllimləri, qrup yoldaşları onun şən, mehriban, ətrafındakı insanlarla ünsiyyəti çox yaxşı qurmağı bacaran insan olaraq xarakterizə edirlər. Vətənpərvərliyi ilə hər kəsə örnək olan bu gəncin ölümü də yalnız uca bir məqamla sonlanmalıydı deyirlər.
AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə başsağlığı verir və Allahdan səbr diləyirik!