AzMİU-nun Şəhid memarı Ramil Ağayev
Bayraqla göylərə ucalan Şəhidlərimizdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Şəhid məzunu Ramil Ağayevdir. Ramil memar kimi bu sahədə təsadüfi insan deyildi. O uzun müddət Sabirabadın Baş Memarı işləyən Atası Ağarəhim Ağayevin yolunu davam etdirmək, atasının davamçısı olmaq üçün sevərək bu peşəni seçmişdi.
Ramil qısa lakin Azərbaycan gəncliyinə örnək ömür yolu ilə əsl nümunəyə çevrildi. Onu tanıyan hər kəsin yaddaşında xoş xatirələrlə qaldı.
Ramil Ağarəhim oğlu Ağayev 1994-cü il Sentyabrın 20-də Sabirabad rayonunda anadan olub. Ailənin yeganə övladı olan Ramil ilk təhsilini Sabirabadda alıb. Uşaqlığından yaşıdlarından mərdliyi, vətənpərvərliyi, mehribanlığı ilə seçilən bu gənc qazanacağı şərəfli yol ilə də bir daha onlardan fərqlənməyi bacaracaqdı. Orta məktəbi bitirdikdən sonra Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində davam etdirir. Memarlıq fakültəsinin 162a qrup tələbəsi olan Ramil müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilir. 2016-cı ildə Universiteti bitirdikdən sonra Hərbi Xidmətə yollanır. Vətən borcunu layiqli başa vuran Ramil memar kimi fəaliyyətə başlayır. Bilik və bacarıqlarının nəticəsidir ki, Abşeron rayon İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışır. Burada hər kəsin sevimlisinə çevrilir, çalışdığı kollektivdə böyük hörmət qazanır. Vətən Müharibəsi başlayanda Ramil də digər İgid Azərbaycan oğulları kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılır. Ailəsini və 6 aylıq körpəsini Vətənə əmanət edir. Ailəsinə canından artıq dəyər verən Ata və övlad kimi bir an belə düşünmədən Vətənin bu dar günündə köməyə çatır. Döyüşlərdə böyük şücaət göstərən Ramil oktyabrın 13-də Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırır. Gənc Memar özünə yaraşan ən böyük adla bu dünyadan köçür.
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Silahlı Qüvvələrin əsgəri Ağayev Ramil Ağarəhim oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid olsa da ürəklərdə əbədi yaşayan Ramilin tələbə yoldaşları, müəllimləri, ailəsi, yaxınları onu xoş təəssüratlarla xatırlayır.
AzMİU-nun Dizayn kafedrasının dosenti Nərgiz Ağayeva Ramillə bağlı xatirələrini bölüşüb.
Belə bir deyim var:" valideynlər övlada - fiziki, müəllim isə - həyata "vəsiqə" verər"...Bu baxımdan, 28 illik tədris fəaliyyətimdə, yeganə balamdan ayırmadığım bütün yetirmələrimin yaşam anları mənə doğmadır. Ramillə bağlı xatirələrim və düşüncələrim mənə çox əzizdir. İlk öncə, dərs dediyim bu gəncin ala gözləri hafizəmdən heç vaxt silinməz. Ramilin üzündə necə nur var idi, onu sözlə ifadə edə bilmərəm. İnsanın "kimliyini" bilmək üçün - onun digərlərinə olan münasibətinə diqqət yetirmək kifayət edər. Hər zaman müşahidə obyektimdə olan Ramil o tələbələrdən idi ki, ətrafında olan hər kəsə, qrup yoldaşları və müəllimlərinə böyük hörmət və ehtiram nümayiş etdirərdi. Qabiliyyəti və davranışı ilə də müəllimlərini məmnun edərək hafizələrdə əbədiləşdi - Ramilim... Əlbəttə ki, Ramilimin yoxluğu, nəinki məni, eləcə də sadiq qrup yoldaşlarını da sarsıtdı. Hər kəs Ramildən ürəkdolusu xatirələr söylər, mərdliyini, curətini vurğulayar...Çünki o seçilməyi bacaran gənc idi.
Tələbə yoldaşlarının xatirəsində zarafatcıl, gülərüzlü, mehriban, yardımsevər biri kimi qalıb gənc memar.
162a qrup tələbəsi Leman Abdullazadə:
“Ümumi danışsaq Ramil bizlərdən seçilirdi. Sakit təbiəti , gülərüzü, hərkəsə qarşı diqqətli olmağı ilə. Hər zaman köməyə ehtiyacı olanlara yardım etməyə hazır olan tələbə kimi digər qrup uşaqlarından fərqlənirdi”.
162a qrup tələbəsi İsmayıl Hüseynov:
“ Universitetə daxil olduğumuz ilk günlərdən başlamışdı dostluğumuz. Ramil gözəl insan, qrup yoldaşı, yardımsevər dost idi. Hər zaman gülərüz, mehriban görmüşük bizlər Ramili. Dərslərdə fəallığı ilə seçilib. Fakültənin müəllim heyətinin gözündə hər zaman uca olub. Heç kimin xətrinə dəyməz, heç kimi incitməz ruhlu gənc idi. Ailəsi çox gözəl, tərbiyəli böyütmüşdü Ramili. Onu bir və ya bir neçə sözlə ifadə etmək mümkün deyil. Ramil bizim üçün çox fərqli idi”.
Ramil bu gün tək yaxınlarının yox bütün Azərbaycanın fəxridir. O, bütün Şəhidlərimiz kimi bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur.