AzMİU-nun professoru Fəqan Əliyev: Ali Baş Komandanımızın dediyi kimi, “biz o yerləri dirçəldəcəyik”
Çox şükür ki, bu gün torpaqlarımızın işğaldan azad olunmasını görürük və hələ görəcəyik. Şəhid oğullarımızın qanı, canı bahasına torpaqlarımız erməni əsirliyindən qurtuldu.
Biz inanırıq ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin dövlətlərarası tarazlaşmış münasibətlərə yönəlik siyasəti dövlətlərimizin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Eləcə də Rusiya ilə münasibətlərin qorunub saxlanması yolunda görülən işlər də qiymətləndirilməlidir. Bu günlərdə Rusiyanın hərbi hava qüvvələrinə məxsus helikopterin Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulması ilə bağlı dəyişən vəziyyəti prezident İlham Əliyev düzgün qiymətləndirərək yüksək diplomatik qabiliyyəti və intelekti hesabına yoluna qoydu. Azərbaycan Ermənistan ərazisinə bu günə kimi atəş açmayıb. Əgər Ermənistan ərazisinə cavab atəşi açarsa, o zaman Rusiya öz qoşunlarını Azərbaycan ərazisinə yeridə bilər. Kollektiv təhlükəsizlik müqaviləsi var. Məgər kollektiv təhlükəsizlik müqaviləsində qonşunun millətini silah atəşinə tutmaq tapşırılmışdır? Ermənistanla bir blokda olmaq utancvericidir və qınanılmalıdır. Rusiya dövlətini sevməyən Ermənistan birlikdən uzaqlaşdırılmalıdır.
Bu gün Ermənistanın Rusiyada yaşayan “ziyalıları”, iş adamları Rusiya mediasının təsirindən istifadə edərək qarşıdurma yaratmağa can atırlar. Erməni diasporası (ABŞ, Fransa və Rusiya) heç zaman pullarını cəhalətdə yaşayan ermənilərə bağışlamazlar. Cəhalətdə olan xalqı əldə saxlmaq, yeri gəlsə, qırğına vermək və gələcəkdə təbii sərvətlərlə zəngin olan Qarabağın varını, dövlətini ələ keçirmək həmin diasporanın hədəfidir.
Bir dəfə edilən satqınlıq, xəyanət mütləq ikinci dəfə də təkrarlanacaq.Təəssüf ki, erməni dövlət başçılarının xəyanətləri lazımi qiymətini almır. Ermənistan dövləti və onun baş naziri terrorist qruplaşmalarını, kürd PPK-larını, Türk xalqlarının əleyhinə toplaşmış cinayətkarları Qarabağa - döyüş meydanına növbəti fəsadlar törətməyə göndərirlər. Qarabağ separatçıları Robert Koçaryan, Serj Sarkisyan və onları əvəz edən, demokratiya şüarı altında savadsız, cəhalət içində yaşayan, dünyadan təcrid olunmuş mono xalqın baş naziri Nikol Paşınyan gələcək nəsillər tərəfindən lənətlənəcəklər.
Bu 44 gündə biz nələrin şahidi olmadıq? Azərbaycanın böyük bir hissəsi, Qarabağ, Aran Qarabağ, Qarabağa aid olmayan hissəsi, ikinci qədim şəhərimiz Gəncə (böyük Nizaminin vətəni), digər qədim şəhərimiz Bərdə bombalandı, mərmilər, istifadəsinə icazə verilməyən müxtəlif silahlar dinc əhalini, körpələri, uşaqları, yaşlı qadın və kişiləri hədəfə aldı, evlər dağıdıldı, mal-qara məhv oldu. Döyüş meydanında uduzan ermənilər “heyflərini” belə çıxdılar.
Bu gün Ermənistan dünyanın ekoloji sisteminə çox böyük zərər vurur. Araz çayının üzərində Azərbaycanla sərhəddə tikilən mis zavodunun tullantıları Araz çayına tökülür. Araz çayı böyük ərazilərə, sonra isə Kür çayı ilə qovuşub Xəzər dənizinə tökülür. Ermənistan seysmik bir zonada yerləşir, AES-lərin tullantıları Qarabağda basdırılır. Bundan başqa Ermənistan işğal etdiyi Qarabağın 270 min hektar qiymətli ağaclarını qırıb, Zəngilanın çinar meşələrini, qızıl, gümüş yataqlarını, mineral suları, qiymətli daşlarından istifadə edilərək xarici ölkələrə ixrac edib. Erməni diasporunun quldur, dələduz idarə edənləri Qarabağı viran qoyub, təbii sərvətlərini talan ediblər. Ordumuz işğalçı erməniləri qovduqdan sonra məlum oldu ki, rayon mərkəzləri, qəsəbələr, kəndlər düşməncəsinə çox bərbad hala salınıb. Dağıdılmış binalar, evlər hara aparılıb? Gələcəkdə bu məsələlərin öyrənilməsinə ehtiyac var.
Biz bu çətinlikləri də aşacayıq, Ali Baş Komandanımızın dediyi kimi, “biz o yerləri dirçəldəcəyik”. Çünki güvəndiyimiz qüdrətli dövlətimiz, ordumuz, halal xalqımız, zəhmətkeş alimlərimiz, yaradıcı mədəniyyət xadimlərimiz var. Ən əsası, dövlətimizin dayağı prezidentimiz var.
Uca Tanrı hamımıza arxa olsun!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev