Tarixi qələbəni bizə yaşadan Prezidentimizə, qalib Ordumuza borcluyuq


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın iştirakı ilə rektorluğun onlayn iclası keçirilib. Rektor iclasın tarixi gündə - torpaqlarımızın tam işğaldan azad olunduğu Qələbə günündə keçirilməsinin səbəbsiz olmadığını deyib, hamının ürəyində sözünün çox olduğunu xüsusi vurğulayıb. Xalqımızı Qələbə Günü münasibəti ilə təbrik edib, bu zəfərin memarı Ali Baş komandan və müzəffər Ordumuza dərin təşəkkürünü ifadə edib. “Bu gün – 10 noyabr 2020-ci il Vətənimiz, xalqımız üçün tarixi bir gündür. Bu tarixdə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə Azərbaycan dövlətinin şanlı qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir! Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə qazandı. Bu, Prezidentimizin uğurlu diplomatiyasının, müasir standartlara cavab verən ordu quruculuğu siyasətinin nəticəsidir”.

          İclasda çıxış edən digər natiqlər – AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov, İnzibati təsərrüfat işləri üzrə prorektor İsrafil Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev, dekanlar Zahidə Məmmədova, Zakir Musayev, Gülnarə Əsgərəlizadə, Elçin Yusifzadə, Sabir Məmmədov və başqaları son 44 gündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz canı və qanı bahasına Azərbaycan xalqına zəfər sevinci yaşadan rəşadətli Ordumuza, qəhrəman oğullarımıza alqışlar səsləndiriblər. “Yaşasın Müzəffər Ali Baş Komandan, qalib Ordumuz və əsgərlərimiz! 30 illik nisgil bitdi, bu illər ərzində həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Onlar bizim üçün, gələcək nəsillər üçün tarix yazdı. Biz onlara borcluyuq! Canları və qanları bahasına böyük Vətən uğurunda canlarından keçən bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik”.

10-11-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]