AzMİU və Türkiyə Universitetləri arasında onlayn görüş
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin İstanbul Texnik və Yıldız Texnik Universitetlərinin yeni rektorları ilə onlayn görüş keçirib. Tanışlıq xarakteri daşıyan görüş Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibovanın təşəbbüsü ilə gerçəkləşib.
Görüşün əvvəlində son günlər Azərbaycanda gedən Vətən müharibəsi, bu haqq işimizdə qardaş Türkiyənin bizə göstərdiyi diqqət və dəstək müzakirə mövzusu olub. Türkiyə dövlətinin, türk xalqının böyük dəstəyini yüksək qiymətləndirən AzMİU-nun rektoru xalqımızın türk qardaşlarımıza sonsuz minnətdarlığını terkiyəli həmkarlarının diqqətinə çatdırıb. Hər iki universitetin rektoru da bu haqq savaşında həmişə Azərbaycanın yanında olduqlarını dilə gətiriblər, tezliklə bütün torpaqlarımızın işğaldan azad olmasını arzulayıblar.
Görüşdə, həmçinin hər iki universitetlərlə imzalanan əməkdaşlıq müqavilələrinin yeni tədris ilində daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün müxtəlif istiqamətlərdə birgə işlərin görülməsinin vacibliyi vurğulanıb. Rektorlar əməkdaşlıq müqavilələrdən irəli gələn birgə elmi-tədqiqat işlərinin aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlərdən də danışıblar. Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və Tədris işləri üzrə prorektor Akif Qasımov da iştirak edib.