AzMİU Qadınlar Şurasının üzvləri hospitalda müalicə olunan hərbçilərə pay aparıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup əməkdaşı Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərə lazım olan müəyyən əşyalar aparıblar. Yeni Azərbaycan Partiyası Yasamal rayon 43 saylı ərazi təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə könüllü yığılan ianələrlə hospitalda müalicə alan hərbi qulluqçulara isti geyimlər, təmizlik və tibbi vasitələr alınıb.
AzMİU Qadınlar Şurasının sədri, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədova, Kadrlar şöbəsinin müdiri Esmira Budaqova, Materiallar müqaviməti kafedrasının dosenti Gülnarə Əliyevanın apardığı bağlamalar hospitalın işçi heyətinə təhvil verilib.