Zəfər bizimlədir! Qarabağ Azərbaycandır!
Son günlər cəbhədə baş verənlər, müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar torpaqlarımızın erməni işğalından azad olunacağı günü səbrsizliklə gözləyən ölkə ictimaiyyətində böyük məmnunluq doğurur. Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində erməni qəsbkarları üzərində növbəti hərbi və diplomatik qələbənin qazanılmasını alqışlayan hər bir azərbaycanlı Qarabağ uğrunda aparılan mübarizəyə qoşulmağa, Azərbaycan əsgəri ilə çiyin-çiyinə vuruşmağa hazır olduğunu bildirir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi də Ordumuzun zəfərlərini anbaan izləyir, keçirilən əməliyyatlarda hərbçilərimizin qəhrəmanlıqlarından qürur duyur, haqq yolunda onlara güc-qüvvət arzulayır. Universitetimizin rektoru, professor Gülçöhrə Məmmədovanın AzMİU kollektivi adından ölkə prezidentinə ünvanladığı məktubda Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızın işğaldan azad olunacağına əminlik, dövlət rəhbərinin siyasətinə hərtərəfli dəstək ifadə olunur.
Möhtərəm cənab Prezident!
Azərbaycan-Ermənistan təmas xəttində Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri bir daha ruhlandırır. Biz bu günü səbirsizliklə gözləyir, Sizin rəhbərliyinizlə qələbə sevincini yaşayacağımıza inanırdıq. Rəşadətli ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır. Əminik ki, o gün uzaqda deyil.
Sizi və xalqımızı Vətənimizin azadlığı uğrunda qazanılan zəfər münasibətilə təbrik edirik. İnanırıq ki, qələbə xəbərləri Xankəndində Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bütün kollektivi – professor-müəllim heyəti və tələbələri tərəfindən qürur və sevinclə qarşılanır, yüksək qiymətləndirilir. Əminik ki, xalqımız Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşərək mənfur düşmənlərimizə layiq olduğu yeri göstərəcəkdir.
Cənab Ali Baş Komandan!
Biz böyük zəfərlər astanasındayıq. Bu yolda Sizə və rəşadətli ordumuza güc-qüdrət, böyük uğurlar arzulayırıq. Qələbə bizimlədir!
Hörmətlə,
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin kollektivi adından rektor Gülçöhrə Məmmədova