AzMİU-da onlayn “Bilik Günü” keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn “Bilik günü” keçirilib. Zoom platforması vasitəsi ilə keçirilən görüşdə universitetin rektorlugu, fakültə dekanları və fəal tələbələri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan universitetin rektoru, professor Gülçöhrə Məmmədova yeni dərs ilinin başlanması münasibəti ilə tələbələri və professor-müəllim heyətini təbrik edib. Gənclərə yeni şəraitdə - pandemiya dövründə təhsildə qarşıya çıxan çətinlikləri dəf etməkdə, onlayn dərslərdə fəal iştirakda, yeni bilik və vərdişlərin qazanılmasında uğurlar arzulayıb. Rektor çıxışında COVID-19 pandemiyası ilə əlaqədar ənənəvi tədbirlərdən fərqli olaraq, professor-müəllim heyətini və tələbələri canlı, universitetdə deyil, komputer qarşısından salamladığını vurğulayıb.
Dövlət başçısı İlham Əliyevin bu gün Bilik Günü ilə əlaqədar təhsil ictimaiyyətinə ünvanladığı müraciətindən bəzi məqamlara toxunan G.Məmmədova postpandemiya dönəmində müəllimlərin və tələbələrin üzərinə mühüm vəzifələrin düşdüyünü, bu çətin günlərdə hamının birlikdə güclü olması üçün çalışmasının vacibliyini diqqətə çatdırıb. O, ölkəmizdə ictimai sabitliyin qorunub saxlanması üçün gəncləri Vətənimizi sevməyən xain, nankor qüvvələrin, təxribatçı dəstələrin toruna düşməməyə, yalan vədlərinə aldanmamağa, geniş auditoriyası olan sosial şəbəkələrdə aktiv olmağa, düşmənə layiqli cavab vermək üçün savadlı, vətənpərvər ruhda yetişməyə çağırıb.
Görüşdə iştirak edən Tədris işləri üzrə prorektor Akif Qasımov, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov universitetin tələbə-müəllim heyətini təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb, öz tövsiyələrini veriblər. Tələbələrdən Leyla Hüseynova, Vüsal Fərzəliyev ötən semestrdə pandemiya şəraitində onlayn dərslərin təşkilində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər, müəllimləri və tələbə dostlarını Bilik Günü münasibəti ilə təbrik ediblər.