Elmi Şuranın yeni tədris ilində ilk onlayn iclası keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının yeni tədris ilində ilk onlayn iclası keçirilib. İclası giriş nitqi ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayıb, yeni tədris ilində onlara uğurlar arzulayıb, sonra gündəlikdəki məsələlər barədə məlumat verib. Rektor qeyd edib ki, Elmi Şuranın gündəliyinə yeni tədris ilinə hazırlıq, pandemiya dövründə təhsilin təşkili qaydaları və cari məsələlər daxil edilib.
Gündəlikdəki ilk məsələyə toxunan G.Məmmədova keçən tədris ilinin ikinci semestrində tədrisin, daha sonra isə imtahanların, buraxılış işlərinin müdafiəsinin onlayn həyata keçirildiyini deyib, bu sahədə müəyyən çətinliklərin olmasına baxmayaraq lazımi öhdəliklərin həyat keçirildiyini vurğulayıb. O, koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən danışıb. Rektor məlumat verib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020/2021-ci tədris ilinə onlayn şəkildə start veriləcək. Belə ki, birinci kurs tələbələri oktyabrın 1-dən əyani tədrisə cəlb olunacaq, ikinci və yuxarı kurs tələbələri üçün isə dərslər sabahdan onlayn şəkildə başlanacaq.
Tədris işləri üzrə prorektor Akif Qasımov “Pandemiya dövründə təhsilin təşkili qaydaları” ilə bağlı hesabatla çıxış edib, həm onlayn, həm də ənənəvi tədrisin təşkili nəzərə alınaraq tədris planları, tələbələrin semestr balının qiymətləndirilməsindən danışıb. Prorektor hesabatında pandemiya dövründə distant təhsilin təşkilində qarşıya çıxacaq çətinlikləri önləmək məqsədilə İKT Mərkəzində Zoom platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün keçirilən təlimlərə də toxunub.
Sonda gündəlikdəki cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.