İnşaat fakültəsində buraxılış işlərinin hazırlığı distant formada aparılır
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində də sonuncu kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsinə hazırıq gedir. İyunun 10-12-dək buraxılış işlərini müvafiq kafedralara təhvil verən məzun tələbələrin iyunun 16-dan buraxılış işlərinin müdafiəsinə başlaması nəzərdə tutulub. Son kursda təhsil alan 187 tələbədən 114 nəfəri mövcud tədris planları əsasında nəzəri və təcrübi kursu tam bitirdikləri üçün buraxılış işini müdafiə edəcək. Əvvəlki semestrlərdən kəsiri olan 73 tələbə isə kəsirlərini ödədikdən sonra müdafiəə qatıla bilər. Müdafiə buraxılan tələbələrdən 159-u İnşaat mühəndisliyi, 21 nəfəri isə Metrologiya, standartlaşdırma və sertifikasiya ixtisasları üzrə təhsil alıblar.
Fakültədə buraxılış işləri 5 kafedrada - İnşaat konstruksiyaları, Bünövrələr, özüllər və yeraltı qurğular, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması, Bina və qurğuların istismarı və rekonstruksiyası və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedralarında yerinə yetirilir.
Bir faktı da qeyd edək ki, İnşaat fakültəsində tələbələr əsasən oğlanlardır və onların əksəriyyəti həm də hərbi xidmət çağırışçılarıdır. Hazırda pandemiya ilə əlaqədar rayonlarda olan həmin tələbələrə yerinə yetirdikləri buraxılış işlərini ilkin olaraq elektron formada kafedralara təqdim etmək üçün şərait yaradılıb. Buraxılış işlərinin yerinə yetirilməsində tələbələrə güzəştlər də nəzərdə tutulub. Belə ki, AzMİU-nun Elmi Şurasının qərarına əsasən, buraxılış işinin məzmunu saxlanılmaqla onun həcminin 30% -ə qədər azaldılmasına icazə verilib və tələbələrin universitet daxilində az təmasda olması məqsədi ilə buraxılış işinə daxili rəylərin verilməsi məqsədəuyğun hesab edilib.
Universitetin müvafiq əmrinə əsasən İnşaat fakültəsində buraxılış işlərinin müdafiəsi üçün üç Dövlət Attestasiya Komisiyası (DAK) formalaşıb və bu komisiyalara respublikada kifayət qədər tanınmış yüksək ixtisaslı mütəxəssislər sədrlik edirlər.