AzMİU Elmi Şurasının 2019/2020-ci tədris ilinin yekun attestasiyaları və yay imtahan sessiyasının keçirilməsi ilə bağlı qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" 18 may 2020-ci il tarixli 179 nömrəli qərarını, Azərbaycan Respublikasının Təhsil Nazirinin 20 may 2020-ci il tarixli 01-11-522/15 saylı məktubunu rəhbər tutaraq AzMİU-nun Elmi Şurası qərara alır:
1. Universitetin Elmi Şurasının qərarı ilə dövlət imtahanı yaxud buraxılış işi ilə yekunlaşan ixtisaslarda buraxılış işi yerinə yetirəcək tələbələrin öz arzusu ilə yekun attestasiyanı dövlət imtahanı formasında keçmələrinə icazə verilsin.
2. Buraxılış kursunda təhsil alan tələbələrin alt dərs və təkrar imtahanlarını 04-14. 06. 2020 tarixlərində keçirilməsi planlaşdırılsın.
3. Dövlət imtahanı ilə yekunlaşan attestasiyalarda tələbələrin qiymətləndirilməsi təhsil aldığı müddətdəki ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) əsasən aparılsın.
4. Buraxılış və magistr dissertasiya işlərinin müdafiələrinin bir qayda olaraq onlayn rejimdə keçirilməsi təmin olunsun.
5. Mövcud şəraitdə tələbələrin buraxılış işlərinin yerinə yetirilməsindəki çətinlikləri nəzərə alaraq yalnız 2019/20-ci tədris ilində yerinə yetiriləcək buraxılış işlərinin həcmində və məzmununda müəyyən sadələşdirilməyə icazə verilsin. İşin əsas məzmunu saxlanılmaqla həcminin 30%-dək azaldılması məqbul hesab edilsin. Buraxılış işlərində yalnız ixtisas kafedrasına aid məzmun əsas hesab edilsin.
6. Buraxılış işləri müdafiəyədək kağız daşıyıcı və ya elektron formada, müdafiədən sonra isə hesabatın əlyazması və prezentasiyası (disk şəklində) qovluqda ixtisas kafedrasına təqdim olunsun. Yalnız bundan sonra qiymətləndirilmə aparılsın və yekun protokol tərtib olunsun. Buraxılış işinə verilən kənar rəylər daxili rəylərlə əvəz olunsun.
7. Bakalavr və magistratura səviyyələrində buraxılış və magistr dissertasiya işlərini birinci mərhələdə müdafiə etməyənlərə sentyabr ayında müdafiə üçün şərait yaradılsın.
8. Qərarın icrasına nəzarət tədris işləri üzrə prorektor A.F.Qasımova tapşırılsın.
AzMİU Elmi Şurasının 2019/20-ci tədris ilinin yay imtahan sessiyasının keçirilməsi haqqında qərarı:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" 18 may 2020-ci il tarixli 179 nömrəli qərarını, Azərbaycan Respublikasının Təhsil Nazirinin 20 may 2020-ci il tarixli 01-11-522/15 saylı məktubunu rəhbər tutaraq və tələbələrin təkliflərini nəzərə alaraq AzMİU-nun Elmi Şurası qərara alır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" 18 may 2020-ci il tarixli 179 nömrəli Qərarını və Azərbaycan Respublikasının Təhsil Nazırinin 20 may 2020-ci il tarixli 01-11-522/15 saylı məktubunu rəhbər tutaraq, 2019/20-ci tədris ilinin yay imtahan sessiyası onlayn rejimdə bakalavr səviyyəsində test və yazılı, magistratura səviyyəsində isə test, şifahi və yazılı formada təşkil edilsin.
2. Sessiyanın tam obyektiv, şəffaf və pandemiya dövründə təhsilin xüsusiyyətini nəzərə alınmaqla keçirilməsi təmin edilsin.
3. Sessiya dövründə “İmtahan zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” METODİK GÖSTƏRİŞLƏR-in tələblərinə tam riayət olunsun.
4. Yay imtahan sessiyası iki mərhələli: iyun-iyul və avqustun sonu-sentyabrın əvvəlində keçirilsin.
5. Bütün tələbələrə cari qiymətləndirmədə ilkin olaraq 34 bal verilsin. Semestrdə sərbəst iş, referat, kurs işi və ya kurs layihəsini işləyib təhvil verən tələbənin ilkin balına, işlərin keyfiyyəti və tamlığı nəzərə alınaraq fənn müəllimləri tərəfindən 16 bala qədər əlavə oluna bilər. I-III kurs tələbələri üçün cari qiymətləndirmə balları 10 iyun 2020-ci il tarixinədək İKT mərkəzinə təqdim olunsun.
6. 2019/2020 tədris ilinin yay imtahan sessiyasında hər hansı səbəbdən iştirak edə bilməyən yaxud qeyri-qənaətbəxş qiymət alan tələbələrin ikinci mərhələdə (yeni tədris semestri başlayana qədər) imtahan vermələrinə şərait yaradılsın.
7. Test üsulu ilə imtahanlar fənnin yalnız baza testləri əsasında (analoq və açıq testlər istifadə olunmadan) aparılsın. Yazılı imtahan biletlərinə məzmunun əsas və ən vacib hissəsini əhatə edən suallar salınsın. Bu zaman sualların sayı universitet rektorunun 02.04.2020-ci il tarixli 139/t-d əmrinə əsasən 25-30 %-dək azaldılsın.
8. Tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunsun.
9. Bakalavr səviyyəsinin I-III kurslarında, magistratura səviyyəsinin I kursunda yay imtahan sessiyası 12.06-17.07.2020-ci il tarixlərində keçirilsin.
10. Tələbələr imtahana tələbənin şəxsi kabineti vasitəsi ilə daxil olsunlar.
11. Qiyabi təhsil formasında oxuyan (I-IV kurs) tələbələrin sessiyası sentyabr ayının ilk 10 günündə keçirilsin.
12. I-III kurs tələbələrinin təkrar və alt dərs imtahanları sessiyanın ikinci mərhələsində keçirilsin. Bütün təkrar imtahanların ödənişsiz həyata keçirilməsi təmin edilsin.
13. İmtahanların keçirilməsi şərtləri və nəzarət mexanizmləri iyun ayının 5-nə qədər təsdiq olunsun, kafedralara və tələbələrə elan edilsin.
14. Onlayn imtahanlarda iştirak edəcək nəzarətçilərə İKT mərkəzi əməkdaşları tərəfindən treyninqlər keçirilsin.
15. Onlayn rejimdə yazılı formada keçirilən imtahanların nəticələrinin yoxlanılması üçün universitetdə auditoriyalar müəyyənləşdirilsin və lazımı avadanlıqlarla təchiz olunsun.
16. Təqaüd müsabiqələrinin sessiyanın ikinci mərhələsi başa çatdıqdan sonra yeni tədris ilinin əvvəlində, sentyabrın 20-nə qədər keçirilməsi təmin edilsin.
17. Qərarın icrasına nəzarət tədris işləri üzrə prorektor A.F.Qasımova tapşırılsın.