AzMİU-nun alim və doktorantları Qazaxıstanda keçirilən beynəlxalq konfransda onlayn iştirak ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin professor-müəllim heyəti və doktorantları Qazaxıstanda Zoom platforması vasitəsi ilə onlayn keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Qazaxıstan Baş Akademiyasının (КазГАСА), Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin, Beynəlxalq Təhsil Korporasiyasının təşkilatçılığı ilə keçirilən konfrans “Memarlıq və tikinti sahəsindəki müasir tendensiyalar: enerji səmərəliliyi, enerjiyə qənaət, BIM texnologiyaları, şəhər mühitinin problemləri” mövzusundadır. Qazaxıstan Baş Akademiyasının prezidenti, texnika elmləri doktoru, akademik Əmirlan Kusainov giriş nitqi ilə hamını salamlayıb və COVİD-19 pandemiyası səbəbindən bütün dünyada yaranmış mövcud durumda, digər ölkələrə səyahət etmək mümkün olmayan dövrdə xarici iştirakçılarla ünsiyyət qurduqları üçün onlayn konfransın təşkilatçılarına təşəkkür edib.
AzMİU-nun Memarlıq layihələndirilməsi kafedrasının professoru, memarlıq doktoru Emir Hüseynov konfransın plenar sessiyasında “COVİD-19 pandemiyası dövründə memarlıq təhsili sisteminin səfərbər edilməsi” adlı məruzə ilə çıxış edib.