AzMİU-nun magistr tələbələri və strikeplagiarism.com saytı üzrə sistem operatorları üçün onlayn təlim təşkil olunub


          21 may tarixində AzMİU-nun elmi tədqiqat şöbəsinin və magistratura mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim Plagiat.pl şirkətindən dəvət olunmuş şirkətin əməkdaşı Aygül Məmmədli tərəfindən aparılıb.  

          Plagiatın növləri, oxşarlıqların aşkar olunma mexanizmləri, elmi işlərdə plagiatdan yayınmaq istiqamətində müəlliflər tərəfindən bəzi hallarda tədbiq olunan manipulyasiyalar mövzusunu əhatə edən təlimin əsas məqsədi yay sessiyasının yaxınlaşması ilə əlaqədar olaraq magistr tələbələrinə öz elmi işlərini təqdim edərkən diqqət yetirməli, eləcə də çəkinməli olduqları məqamlar barədə ətraflı məlumata sahib olmalarında köməklik göstərmək olub.  

          Təlimdə həmçinin AzMİU-nun sistem operatorları tələbə işlərinin yoxlanışı üçün sistemdən istifadə qaydaları, oxşarlıq hesabatının təfsiri, təqdim edilən sənədlərin plagiatın mövcudluğuna dair obyektiv şəkildə qiymətləndirilməsi kimi mövzularda öz biliklərini yeniləyərək, qaranlıq qalan məqamlara aydınlıq gətirilib.

          Təlimin gedişatında iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Sonda Elmi tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva və Magistratura Mərkəzinin müdiri Rövşən Səmədov tələbələrlə diplom işlərinin təqdim edilməsi ilə əlaqədar tövsiyyələrini bölüşərək onlara qarşıdakı kurs işlərinin müdafiəsi zamanı uğurlar diləyib.

26-05-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]