Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil müşaviri AzMİU-nun əcnəbi tələbələri ilə onlayn görüş keçirib
AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanlığının təşəbbüsü ilə 24 may tarixində tələbələrlə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil müşavirliyinin Zoom proqramı vasitəsilə onlayn görüşü təşkil olunub. Görüşdə Türkiyənin Azərbaycandakı Təhsil müşaviri Nihat Büyükbaş, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, fakültənin baş müfəttişi Əminə Ağayeva iştirak edib. Müşavir və dekanlıq tələbələri maraqlandıran bütün məsələlərə aydınlıq gətirib. Həmçinin müşavir tələbələrə onlara yaradılan fürsətdən yararlanmağı və evdə olduqları müddətdə dekanlığın və müəllimlərin tövsiyə və tapşırıqlarına əməl etməyə çağırıb. Görüş səmimi və mehriban ünsiyyət şəraitində keçib. Sonda Türkiyənin Azərbaycandakı Təhsil müşaviri Nihat Büyükbaş Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadəyə tələbələrin təhsilini davam etdirməsi üçün yaratdığı şəraitə, xüsusən də Zoom proqramı vasitəsi ilə keçirdiyi onlayn görüşə görə təşəkkürünü bildirib.
Nəzərinizə çatdıraq ki, bütün dünyanı bürüyən COVİD-19 pandemiyası səbəbindən Universitetimizdə təhsil və təhsilə aid bütün konfrans və görüşlər distant yolla davam etdirilir. Universitetimizin Əcnəbi vətəndaşların hazırlığı fakültəsi də onlayn təhsil proqramına qoşulub. Onlayn dərslərdən əlavə fakültənin dekanlığı mütəmadi olaraq tələbələrlə Zoom proqramı vasitəsilə görüşlər keçirir. Haqqında məlumat verdiyimiz görüş isə bunlardan biridir. Onlayn görüşlərin keçirilməsi ənənəsinin davam etdirilməsi nəzərdə tutulub.