Hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olan ulu öndər
10 may – ümummilli liderimiz, böyük dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi hər il ehtiramla xatırlayır, hələ sağlığında əfsanələşən ulu öndərin əziz xatirəsini yad edir.
Dərin zəka sahibi olan Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsi olmaqla, şanlı epoxa təşkil edir. O, ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.
Böyük siyasətçi əsl strateq kimi bir-biri ilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərmiş, müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etmişdi.
Onun 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini dahi lider yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.
Görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Ümummilli lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi. O, təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərərfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini vurğulamış, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
İstər keçmiş SSRİ, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ümummilli lider təhsilə, tərbiyəyə elmi, strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisi naminə o, bu sahədə qarşıya çıxan problemlərin həllinə yüksək həssaslıqla yanaşmışdır. Müdrik dövlət xadimi təhsilin həm də, hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşdırmasında, cəmiyyətdə, dövlət quruculuğu prosesində yaxından iştirak etməsində mühüm rol oynayan amil olduğunu diqqətə çatdırmışdır. Heç kimə sirr deyil ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969–1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olub. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçib. Heydər Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görüb. Həmin illərdə ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb, 6 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılıb.
1970-ci illərdə ölkədə başlanmış geniş quruculuq işləri, siması gündən-günə dəyişən paytaxt Bakıda sürətlə tikilən yeni yaşayış massivləri, fabrik və zavodlar, müasir görkəmli binalar memar və inşaatçı peşələrini aktuallaşdırdı, bu kadrlara tələbatı artırdı. Bu dönəmdə Azərbaycanda hakimiyyətə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev bu zərurəti zamanında dəyərləndirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AzİMİ) yaradılması təşəbbüsüylə çıxış etdi. 1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarıyla AzPİ-nin 4 fakültəsinin bazasında AzİMİ yaradıldı. Kiçik kollektiv, azsaylı tələbə kontingenti, zəif maddi-texniki baza ilə yola çıxan yeni institut ildən-ilə böyüyür, genişlənir, yerini möhkəmlədir, nüfuzunu artırırdı. Bu inkişafda onun yaradılmasına ilk xeyir-duasını verən ulu öndər Heydər Əliyevin xidmətlərini unutmaq olmaz. Ümummilli lider Heydər Əliyevin təşəbbüsüylə həyata vəsiqə qazanan AzİMİ 2000-ci ildə yenə də böyük hamisinin himayəsiylə müstəqillik qazanır, ulu öndərin imzaladığı fərmanla Azərbaycan Memarlıq və İnşaat Universitetinə çevrilir. AzMİU-nun yaradılmasında və inkişafında müstəsna xidmətləri olan Heydər Əliyev hər zaman universitetə xüsusi diqqət və qayğı göstərib.
Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində və ruhundadır. Onun Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Ulu Öndərin idealları Azərbaycan xalqı üçün əbədi və müqəddəs bir yol olduğu üçün gələcək nəsillərin bu yolun möhtəşəmliyindən bəhrələnərək, vətənpərvər və milli ruhda yetişmələri üçün özlərinə nümunə götürmüş olacaqlar. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. Müdrik rəhbərin ideyaları bu gün müstəqil Azərbaycanın inkişafının, qələbəsinin əsasıdır, təntənəsidir. Biz bütün uğurlarımız üçün Ulu Öndərin müdrik siyasətinə, parlaq ideyalarına borcluyuq.
Heydər Əliyev bu gün cismən aramızda olmasa da, Onun bizlərə qoyduğu əbədiyaşar ideyaları yaşayır və yaşadılır. Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbinin guşəsində Heydər Əliyev abidəsi ucaldılıb və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq!
AzMİU-nun rektorluğu