“Pospandemiya şəraitində karyera imkanları” adlı onlayn təlimdə tələbələrə mühüm tövsiyələr verilib
Mayın 2-si Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və şöbənin mütəxəssisləri Afaq Sadiqova, Aydan Dadayeva tərəfindən tələbələr üçün “Pospandemiya şəraitində karyera imkanları” adlı onlayn təlim təşkil olunub. Onlayn təşkil olunmuş təlimdə universitetimizin müxtəlif fakültələrindən tələbələr iştirak ediblər.
Xanlar Qəniyev təlimin tələbələrin karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunduğunu qeyd edib. Sonra təlim zamanı koronavirus pandemiyasının təsir etdiyi sahələr və əhatə həcmi haqqında tələbələrə ümumi məlumat verib. Məlum vəziyyətlə əlaqədar ölkədə xüsusi karantin rejiminin elan olunduğunu deyən şöbə müdiri bu müddət ərzində özünü inkişaf istiqamətləri ilə bağlı tələbələrə öz tövsiyyələrini də bildirib.
Şöbənin mütəxəssisləri isə tələbələri CV-nin yazılması qaydaları ilə tanış edib, mühüm bilgilərlə məlumatlandırıblar, vakansiyalar və təcrübə proqramları haqqında məlumatların əldə edilməsi qaydalarını izah ediblər. Tələbələrə ixtisaslarına uyğun şirkətlərin elan etdiyi vakansiyalarla maraqlanaraq karyera imkanlarını dəyərləndirməyin yolları izah edilib və real iş yerləri ilə işgüzar əlaqələrin qurulması istiqamətində vacib məqamlara toxunulub. Təlimin sonunda tələbələrə bu imkandan yararlanaraq öz CV-lərini hazırlayıb yaradılmış CV bazasına daxil etmələri məqsədilə şöbənin rəsmi mail adresinə göndərmək təklif olunub.
Təşkil olunmuş təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Təlimə qoşulmuş tələbələrin çoxsaylı sualları operativ şəkildə cavablandırılıb, yazdıqları təkliflər səsləndirilib və onlara münasibət bildirilib.