Gənc müəllimlər məktəbində onlayn təlim
1 may tarixində Azərbaycan Memarlıq və İnşaat Unviersitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə Gənc Müəllimlər məktəbinin növbəti seminarı onlayn videokonfrans şəklində keçirilib. Bu dəfəki seminarda təlimçi qismində çıxış edən İKT mərkəzinin direktoru Sərxan Talıbzadə "Məlumatların vizuallaşdırılması və infoqrafika" mövzusu üzrə maraqlı nüanslara toxunub. Belə ki, izafi informasiya ilə zəngin dövrümüzdə data analitikasının köməyi ilə biliyin və faktların çatıdırlması texnologiyalarına tələbin artması fonunda qeyd edilən mövzunun aktuallığı və əhəmiyyəti daha da qabarıq görünür. Əvvəlcə infoqrafikanın növlərindən bəhs edən təlimçi, daha sonra data analitikasının nəzəri əsaslarını praktiki nümunələrlə göstərərək, vizullaşdırma elementlərnin yerində istifadə texnikasından danışıb. Videokonfransın sonunda istifadə edilmiş mənbələr, müvafiq elementlərin hazırlanması üçün nəzərdə tutulmuş onlayn servislərin ünvanları istifadəçilər ilə paylaşılıb.