Təcrübə və Karyera şöbəsi təcrübə rəhbərləri ilə onlayn görüş keçirib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təcrübə və Karyera şöbəsinin müdiri Xanlar Qəniyev və şöbə əməkdaşları tərəfindən təcrübə rəhbərləri ilə onlayn görüş keçirilib. Onlayn təşkil olunmuş görüşdə 70-dən çox təcrübə rəhbəri iştirak edib. Görüşdə məlum vəziyyətlə əlaqədar olaraq yaranmış karantin müddəti ərzində istehsalat təcrübəsinin necə sonlandırılması, tələbələrin təcrübi biliklərinin hansı formada qiymətləndirilməsi və s. kimi mövzular müzakirə edilib.
Onlayn şəkildə təşkil olunmuş görüşdə AzMİU-nun kafedra müdirləri Nurməmməd Məmmədov və Asəf Ağayev də çıxış edib. Çıxışlarda istehsalat təcrübəsinə dair yaranmış suallar ünvanlanıb, təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Bu müzakirələrə universitetin müəllim heyətindən Nəsibə Əmirbəyova, Nizami Əhmədov, İsmayıl Çobanzadə və s. qoşulub.
Sonda vaxt məhdudiyyətini nəzərə alaraq, çıxış edə bilməyən müəllimlərin onlayn şəkildə yazdığı çoxsaylı suallar şöbə əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılıb.