AzMİU-da onlayn dərslərin təşkili uğurla davam edir
Respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) martın 16-dan başlayaraq tədris prosesinin məsafədən təşkilinə start verilib. Universitetdə onlayn dərslər “Zoom” platforması, Skype proqramı və videodərslər vasitəsi ilə həm bakalavr, həm magistr səviyyələrində aparılır. Eyni zamanda bütün fənlər üzrə mühazirələr tələbələrin elektron kabinetinə yerləşdirilib.
AzMİU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına görə universitet üzrə bu günə qədər 1500-ə yaxın onlayn dərs keçirilib, 5420 tələbə onlayn tədrisə cəlb olunub. Ümumilikdə, universitet üzrə dərslərin 85 %-i onlayn formada təşkil edilib. Onlayn dərslər əsasən, mühazirə və məşğələ formatında aparılır, virtual laboratoriyalar fəaliyyat göstərir. Kurs işi, buraxılış işi və magistr dissertasiyalarına rəhbərlik, mövcud vəziyyətlə əlaqədar müəllim-tələbə arasında diskussiya şəklində aparılır və fərdi olaraq distant şəklində və internet imkanlarından istifadə edərək cavablandırılır.
Memarlıq fakültəsi üzrə bu günə qədər onlayn dərslərdə daima iştirak edən tələbə sayı 1111, İnşaat fakültəsi üzrə 820, Nəqliyyat fakültəsi üzrə 860, ST MKS fakültəsi üzrə 1121, Tikinti-iqtisad fakültəsi üzrə 859, İnşaat-texnologiya fakültəsi 311, Mexanika və informasiya texnologiyaları fakültəsi üzrə 338 nəfər olub.
Onu da qeyd edək ki, universitetin bütün tələbələri müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərdə iştirak edə bilmir. Belə tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etməsi üçün dərslərin böyük əksəriyyətinin video çəkilişi aparılır.