Tələbələrimiz Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübəyə başlayıblar
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq AzMİU-nun tələbələri mərkəzdə təcrübəyə başlayıblar.
AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimləri, təcrübə qrupunun rəhbərləri Emil Qafarov və Aytən Əhmədova AMEA nəzdində RSXM-nin baş direktoru, akademiyanın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Təhsil müəssisələri ilə elmi təşkilatlar arasında əməkdaşlığın zərurət olduğunu qeyd edən baş direktor qonaqlara mərkəzdə kadr potensialının hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Burada təcrübə mübadiləsi keçən tələbələrin mərkəzin müvafiq elmi şöbələrində aparılan işlərə cəlb ediləcəyini vurğulayan Qurban Yetirmişli qarşılıqlı əməkdaşlığın müsbət olacağına əminliyini ifadə edib. AzMİU-nun baş müəllimi Emil Qafarov mərkəz rəhbərliyi tərəfindən tələbələrə öz bilik səviyyələrini artırmaq üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.