AzMİU-da Karyera sərgisi təşkil olunub


     Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

     Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr  tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox iş yerləri təklif edib. Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların iş adamları (şirkət nümayəndələri) ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs oldu. 

     Sərgidə  ölkənin aparıcı şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat,  PMD Projects, Akkord STİK,  İmprotex İndustries MMC, Embawood MMC eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.

     Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da artıq ikinci  dəfə keçirilən  sərginin tələbə və məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. Daha sonra Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.

     1500-dən  çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

20-02-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]