Mübadilə proqramı çərçivəsində AzMİU-da təhsil alan İtaliya vətəndaşı Milan Politexnik Universitetinin magistr tələbəsi Danyal Zarepourmoghaddam: “İmkan olsa, gələcəkdə memar kimi Bakıda işləmək istərəm”
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Milan Politexnik Universiteti arasında qurulan ikitərəfli əlaqələr Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramı çərçivəsində də uğurla davam etdirilir. 2019-2020-ci tədris ilinin payız semestrində Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Milan Politexnik Universitetinin Memarlıq fakültəsinin II kurs magistr tələbələri - İtaliya vətəndaşları Kevin Prenna və Danyal Zarepourmoghaddam AzMİU-nun Memarlıq fakültəsində təhsil almaq hüququ qazanıblar.
Əslən İrandan olan Danyal Zarepourmoghaddam Bakını təsadüfi seçməyib. Bizimlə söhbətində o, mübadilə proqramı çərçivəsində təklif olunan ölkələr içərisində Azərbaycana üstünlük verməsinin səbəblərindən danışıb. “Evimizdə həmişə Azərbaycan haqqında söhbətlər olub, valideynlərim Bakının qədimliyindən, özünəməxsus memarlığından, müasirliklə tarixiliyin vəhdətini yaşadan bir şəhər olmasından çox danışıblar. Uşaqlığımdan qiyabi şəkildə Bakı ilə tanışlığım başlayıb, sonra internetdən maraqlandım, araşdırdım və Bakını sevdim. Universitetdə belə bir şans yaranan kimi sizin ölkəni seçdim. Təhsil aldığım universitetin mənə yaratdığı imkanı ən yaxşı şəkildə dəyərləndirmək, burada təhsil almaq, Azərbaycanın tarixi, mədəniyyəti, memarlıq abidələri ilə yaxından tanış olmaq, hətta imkan yaranarsa, təhsilimi başa vurandan sonra burda işləmək imkanları ilə maraqlanmaq istədim”.
Azərbaycana gələndən sonra İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi yerləri dolaşmaqdan doymadığını deyən Danyal bəzi məkanlarda qədimiliyin müasirləşdirilməsinə edilən cəhdləri bəyənmədiyini gizlətmir.
Danyal AzMİU-d keçirilən dərslərlə bağlı təəssüratlarını da bizimlə paylaşıb, azərbaycanlı müəllimlərin onlara isti, qayğıkeş münasibətini, daha çox öyrətmək istəklərini xüsusi vurğulayır. “Universitetdə dərslərin keyfiyyəti yaxşıdır, sizin müəllimlər tələbəyə ən xırda detallara qədər öyrətməyə çalışırlar”.
Digər tələbə Kevin Prenna semestr imthanlarını verəndən sonra ölkəsinə döndüyü üçün onun universitet, Azərbaycan, Bakı ilə bağlı təəssüratlarını öyrənə bilmədik.