AzMİU-nun “Qış məktəbi”nin rusiyalı tələbələri universitetlə tanış olublar
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş ənənəvi “Qış məktəbi” layihəsində bu il Rusiyanın Voronej və Samara Dövlət Texniki universitetlərindən gələn tələbə və müəllimlər iştirak edir. Fevralın 3-dən paytaxtımızda qonaq olan tələbələr artıq AzMİU-da yerli tələbələrlə birgə işləməyə başlayıblar. Eyni zamanda onlar “Ağ şəhər” layihəsinin baş ofisində görüşlər keçirib, orda aparılan genişmiqyaslı işlərlə tanış olublar, layihə çərçivəsində “Şəhər mühitində bayram yarmarkaları” adlı vorkşopun keçiriləcəyi məkana-Nizami küçəsinə baş çəkiblər.
Bu gün AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva əcnəbi tələbələrlə görüşüb, onları universitetdə görməkdən məmnun olduğunu deyib. N.Abdullayeva rusiyalı tələbələrin Azərbaycanda olduqları müddətdə ölkəmiz və universitet barədə yetərli məlumat əldə edəcəklərini, öz ölkələrinə müsbət təəssüratlar, xoş xatirələrlə qayıdacaqlarına ümidvar olduğunu bildirib. Rusiyalı tələbələrə AzMİU-nun tarixi, keçdiyi inkişaf mərhələsi, tələbə şəhərciyi, fakültə və ixtisasları, müəllim-professor heyəti, əcnəbi tələbə kontingenti, laboratoriyaları barədə məlumat verən prorektor universitetin nəzdində fəaliyyət göstərən lisey və kollecdən də danışıb. O, çıxışında universitetin bakalavr və magistr pillələrində dünyanın ən qabaqcıl universitetləri ilə ikili diplom layihələrini həyata keçirdiyinə, universitetin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyinə də toxunub.
Sonra tələbələr AzMİU-nun Tikinti-iqtisad fakültəsində olublar, fakültənin dekanı Rahat Qəribov rusiyalı tələbələrə fakültə və ixtisaslar, burda keçirilən dərslər barədə məlumat verib, fakültədə fəaliyyət göstərən laboratoriylarla, kafedralarla tanış edib.