Elmi-tədqiqat şöbəsi professor-müəllim heyətinə növbəti təlim keçib


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Nərmin Rzayeva universitetin professor-müəllim heyətinin elmi fəaliyyətlərinin nəticələrini beynəlxalq elmin nəşrlərə təqdim etmələrinə dəstək göstərilməsi istiqamətində təlim keçirib. Təlimdə Mexanika kafedrasının müdiri İsmayıl Sadıqov,  Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, Bünövrələr, özüllər və yeraltı qurğular kafedrasından Əcəm Nağdiyev, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev, Ali riyaziyyat kafedrasının müdiri Fuad Lətifov, Geomatika kafedrasının müdiri Saçlı Qəniyeva, Fizika kafedrasının müdiri Adil Abdullayev, Kimya kafedrasının müdiri Əli Əliyev, Texnoloji maşın və avadanlıqlar kafedrasının müdiri Allahverdi Bayramov və bir çox kafedraların müəllimləri iştirak ediblər.

     N. Rzayeva öz təqdimatında tədqiqatçının elmi fəaliyyətinin və elmi jurnalların qiymətləndirilməsində geniş tətbiq olunan elmmetrik göstəricilərdən və onların təhlilolunma mexanizmlərindən  danışıb. Nəşrlərin ümumi çəkisi, sitat gətirilmə indeksi, Hirş indeksi (h-indeksi), impakt-faktor (IF) və s. kimi göstəriciləri  qeyd edib. “Beynəlxalq elmi ictimaiyyət arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Clarivate Analytics” şirkətinin Web of Science Core Collection bazası referativ-biblioqrafik və elmmetrik (bibliometrik) verilənlər bazasıdır. Burada istifadəçilərə dünyanın ən mötəbər və əhəmiyyətli jurnallarından geniş informasiya təqdim edilərək, onlara ən zəruri və aktual məlumatlar ötürülür”.

      Təqdimatda bazanın alimlərimiz üçün böyük maraq kəsb edən digər məhsulları barədə dinləyicilərə məlumat verilib. Onlar arasında müəlliflərə öz elmi nəşrlərinin, eləcə də rəyçi kimi fəaliyyətlərinin izlənilməsinə və nümayiş etdirilməsinə imkan yaradan Publons xidməti xüsusi olaraq vurğulanıb. Dinləyicilər xidmətdən istifadə qaydalarına dair təlimatla ətraflı şəkildə tanış olublar.

     Sonda bu mövzuda alimlərimizi maraqlandıran suallar N. Rzayeva tərəfindən cavablandırılıb.

05-02-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]