AzMİU-da “Qış məktəbi” başlayır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş beynəlxalq “Qış məktəbi” layihəsi yenidən fəaliyyətə başlayacaq.
Fevralın 3-dən 10-a qədər davam edəcək “Qış məktəbi”ndə Rusiyanın Voronej Dövlət Texniki Universiteti, Samara Dövlət Texniki Universiteti və AzMİU-nun yerli tələbələri iştirak edəcəklər. Toplam 35 nəfərdən ibarət olacaq layihədə tələbələr qrup şəklində AzMİU-nun Memarlıq fakültəsində keçirilən ixtisas dərslərində iştirak edəcəklər. “Qış məktəbi”ndə əcnəbi tələbələrə AzMİU-nun Memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyacaq, ustad dərsləri keçiriləcək, sonra tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün avtobusla turlar təşkil olunacaq, burda əyani dərslər gerçəkləşəcək. Eyni zamanda layihə çərçivəsində “Şəhər mühitində bayram yarmarkaları” adlı vorkşopun da keçirilməsi nəzərdə tutulub.
Bundan başqa, əcnəbi tələbələr Şəhidlər Xiyabanını da ziyarət edəcəklər. İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər - Heydər Əliyev mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Olimpiya stadionunda olacaq, bu tikililər barədə onlara ətraflı məlumat veriləcək. Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerləri – Atəşgah və Qala qoruğuna gəzintiləri də nəzərdə tutulub.