AzMİU-nun diplomlarının İordaniyada tanıdılması üçün ilkin addımlar atılır


        İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə universitetin Tədris işləi üzrə prorektoru Akif Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva,  Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov iştirak edib. 
        Səmimi şəraitdə keçən görüşdə iordaniyalı tələbələrin AzMİU-da təhsil almaları üçün müəyyən addımların atılması və bu tələbələrin diplomlarının öz ölkələrində tanınması məsələsi bir daha müzakirə olunub.  Səfir Sami Asem Abdullah Ğoşeh ötən ilin noyabrında universitetə ilk səfəri zamanı müzakirə olunan bu məsələ ilə bağlı İordaniyanın Təhsil Nazirliyində görüşlər keçirdiyini rektorun diqqətinə çatdırıb. Cənab Goşeh bildirib ki, onun ölkəsi diplomların tanınması məsələsinə müsbət yanaşır və bu istiqamətdə nazirlikdə artıq işlərə başlanılıb. İordaniyanın təhsil nazirinin məktubunu rektora təqdim edən səfir yaxın günlərdə ölkəsindən nümayəndə heyətinin  tanışlıq məqsədi ilə universitetə səfər edəcəyini bildirib. Səfir AzMİU ilə İordaniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
       Görüşdə həmçinin, tələbə-müəllim mübadiləsi, təqaüd və təcrübə proqramları, təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında müzakirələr aparılıb. 
 

30-01-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]