Azərbaycanda elmi jurnalların inkişaf dinamikasının problemləri ilə bağlı maarifləndirici seminar


     

     Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə  akademik heyət üçün  Azərbaycanda elmi jurnalların inkişaf dinamikasının problemləri ilə  bağlı maarifləndirici seminar keçirilib. 
     Elm və texnika işləri üzrə prorektor, professor Arif Şərifov çıxış edərək iştirakçıları salamlayıb və qeyd edib ki,  dünyada elmi-tədqiqatların ən əhəmiyyətli nəticələrinin əsasən “Web of Science” və “Scopus” bazasında indekslənən jurnallarda nəşr olduğu artıq  elm ictimaiyyəti tərəfindən qəbul edilir. 
     Seminarda Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyevin “Azərbaycanda elmi jurnalların inkişaf dinamikasının problemləri” adlı məruzəsi dinlənilib.  Akademik bildirib ki,  2019-cu ildə artıq ikinci dəfədir ki, “Web of Science” bazasında indekslənən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir. Əsası 2002-ci ildə qoyulmuş, Thomson Reuters Agentliyinin siyahısına salınmış və İmpakt Faktor almış ilk “Azərbaycan elmi jurnalı olan Journal of Applied and Compatational Mathematics”  ölkəmizi beynəlxalq elmi dairələrdə layiqincə təmsil edir.  
     Sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə “Applied and Computational Mathematics” beynəlxalq jurnalının baş redaktorunun müavini Nərgiz Səfərova və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və tətbiqi riyaziyyat” jurnalının aparıcı redaktoru Qəmər Məmmədova və AzMİU –nun 100-dən çox professor-müəllim heyəti və doktorantlar iştirak edib. 
     Sonda prorektor deyib: “2020-ci ildə AzMİU-nun tədqiqatçı alimləri daha yeni uğurlara imza atmaq əzmindədir. Hədəf olaraq ötən ildən iki dəfə çox elmi nəşrin beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi seçilib və bu istiqamətdə mühüm addımlar atılacaq”. 

30-01-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]