Gülçöhrə Məmmədova: "AzMİU inşaatda ən yeni texnologiyaların tədrisində böyük naliyyətlər əldə edib"


          Bakıda “JW Marriott Absheron” mehmanxanasında “Building Information Modelling” (BIM) texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları “AUTODESK” (ABŞ) və “AZEL Systems” (Azərbaycan) şirkətləridir. 
          Konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimli iştirak edib. 
          Konfransın əsas məqsədi inşaat sahəsində mövcud aktual problemlərinin və  “Autodesk”in layihələndirmənin keyfiyyəti və effektivliyini artıran ən yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsi olub. Eyni zamanda, “Autodesk”in mülki və sənaye obyektlərinin inşaatı üçün təklif etdiyi imkanlar da diqqət mərkəzində olub.
          Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Aydın Kərimov inşaat sahəsində rəqəmsal texnologiyaların əhəmiyyətindən danışıb və BIM texnologiyalarının vacibliyini vurğulayıb. O, bu tədbirin BIM texnologiyalarının Azərbaycanda daha da dərindən öyrənilməsinə şərait yaradacağına ümidvar olduğunu bildirib.
          AzMİU rektoru, professor G.Məmmədova da tədbirin və BIM texnologiyalarının vacibliyini qeyd edib. O, AzMİU-nun inşaatda ən yeni texnologiyaların tədrisində əldə etdiyi nailiyyətlərdən söz açıb. G.Məmmədova bildirib ki, artıq 2019-cu ildə “Tekla Trimble” şirkətinin tapşırığı əsasında “AZEL Systems 46 Tekla” proqram təminatı lisenziyasını AzMİU-а tədris məqsədləri üçün pulsuz təqdim edib. Rektor, universitetin “Autodesk” və “AZEL Systems” şirkətləri ilə əlaqələrin inkişafına hazır olduğunu da qeyd  edib.
          Daha sonra “AZEL Systems” şirkətinin rəhbəri İqor Yakovenko təmsil etdiyi qurum barədə məlumat verib. 2013-cü ildə yaranan şirkət qabaqcıl texnologiyaların tətbiqi ilə məşğuldur. “Autodesk” şirkətinin Azərbaycanda yeganə qızıl partnyoru olan “AZEL Systems”, həmçinin dünyada tanınmış “Samsung”, “Trimble Tekla”, “Dell” və digər şirkətlərin də tərəfdaşdır.
         Çıxışının sonunda İ.Yakovenko yalnız lisenziyalı “Autodesk” proqram təminatından istifadənin vacibliyini qeyd edib. O bildirib ki, ancaq lisenziyalı proqramlar layihələndirmə prosesinin sabitliyini və sürətinin təmin edir.
         Sonra “Autodesk” şirkətinin 6 ölkə və o cümlədən Azərbaycan üzrə regional meneceri Gennadiy Molodetskiy “BIM texnologiyaları qarşısıalınmazdır” adlı məruzə ilə çıxış edib.
         Çıxışının sonunda G.Molodetskiy, A.Kərimov və professor G.Məmmədova tədbir iştirakçılarına fəxri mükafatlar təqdim ediblər. İlk olaraq “Azfen” şirkətinin nümayəndəsinə “Autodesk” proqram təminatının tətbiqi üzrə şirkətin 2019-cu ildə nail olduğu uğurlar üçün fəxri sertifikat təqdim edilib. Daha sonra “AZEL Systems” şirkətinin “Autodesk”in Azərbaycanda yeganə qızıl tərəfdaşı olduğunu təsdiq edən sertifikat şirkət rəhbəri İqor Yakovenkoya təqdim olunub.

30-01-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]