AzMİU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
Türkiyənin Kütahya Dumlupınar Universitetinin Beynəlxalq əlaqələr şöbəsindən Erasmus proqramı koordinatoru Elif Körpe və Mövlanə Mübadilə Proqramı koordinatoru Berrin Demir Azərbaycan universitetləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. Qonaqlar universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və şöbə müdirinin müavini Könül Şirinova ilə görüşüblər.
Görüşdə qonaqlar təmsil etdikləri universitetin tarixi, fakültələri və həyata keçirdikləri layihə və proqramlar haqqında geniş məlumat veriblər. Koordinatorlar səfərin məqsədinin universitetimizlə birgə Avropa Birliyinin Erasmus+ və Türkiyənin Mövlanə Mübadilə Proqramı, eləcə də ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində tələbə və doktorantların təhsilalma və ya stajkeçmə, eyni zamanda müəllimlərin tədris fəaliyyəti ilə bağlı olduğunu bildiriblər. AzMİU-nun nümayəndələri də universitetin beynəlxalq əlaqələri, istər Türkiyə, istərsə də Avropa universitetləri ilə həyata keçirilən birgə layihələr, mübadilə proqramları haqqında geniş məlumat veriblər. Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva sözügedən proqramlardan başqa, alimlərimizin HORİZON 2020 Proqramı, TÜBİTAK və digər layihələrdə elm və texnologiya sahəsində birgə fəaliyyətinin əhəmiyyətli olacağını vurğulayıb.
Görüşün sonunda türkiyəli qonaqlar gətirdikləri müqavilə formalarını razılaşdırmaq üçün təqdim ediblər. Ümumi müzakirələrdə müqavilənin bir sıra məqamları dəqiqləşdirilib, maraqlı fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın hər iki təhsil müəssisəsi üçün faydalı olacağına ümidvar olduqlarını qeyd ediblər.