31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarınız mübarək!
Azərbayacan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, tələbələrimiz Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram. Geridə qoyduğumuz 2019-cu il Universitetimiz üçün önəmli və tarixi cəhətdən əlamətdar bir il oldu. AzMİU-nun Memarlıq fakültəsi memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını aldı. Bu bizim Universitet üçün çox böyük uğurdur. Bundan əlavə Avropanın bir neçə universiteti ilə əməkdaşlıq memorandumları, ikili diplom müqavilələrinə imza atdıq. AzMİU ilə Türkiyənin İstanbul Texniki və Yıldız Texniki Universitetləri arasında görüşlər keçirildi, Niyyət Protokolu imzalandı. Eləcə də bir çox yerli şirkətlərlə ikitərəfli əlaqələrimizi yeni layihələrlə möhkəmləndirdik. Mayın 20-də İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi oldu. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini və digər şəxslər iştirak etdi.
Tələbələrimizin məşğulluğunu artırmaq məqsədi ilə ilk dəfə olaraq Universitetdə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olundu və sərgiyə 72 aparıcı şirkətdən nümayəndələr qatıldı. Respublikanın aparıcı istehsalat müəssisələrinin rəhbər heyəti ilə AzMİU kollektivinin “Uğurlu tərəfdaşlıq və real təcrübə” mövzusunda görüşü keçirildi. Görüşdə universitetimizdə təhsil alan tələbə və magistrantların istehsalat təcrübəsi məsələləri geniş müzakirə olundu.
Ümidvaram ki, qədəm basacağımız 2020-ci ildə də Universitetimizin uğurları davamlı olacaq, bu yolda gözləntilərimiz və hədəflərimiz böyükdür.
Sonda möhtərəm prezidentimiz başda olmaqla xalqımızı, bütün dünya azərbaycanlılarını, soydaşlarımızı, universitetimizin professor-müəllim heyətini, tələbələrimizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bir daha təbrik edirəm. Qoy qarşıdan gələn illər dövlətimiz üçün bir-birindən uğurlu olsun, xalqımıza sevinc dolu günlər, inkişaf və firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
rektoru, professor Gülçöhrə Məmmədova