Elmi Şuranın 2019-cu ildə son iclası keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın 2019-cu ildə son iclası keçirilib. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova iclası açaraq gündəlik məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl rektor universitetin iki əməkdaşı – Təcrübə və karyera şöbəsinin müdiri Nadir Kərimov, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Nüsrət Abdullayevin Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmaları barədə məlumat verib. Rektor Şura üzvləri adından hər iki müəllimi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təbriklərdən sonra Strateji inkişaf üzrə prorektor Ülkər Səttarovanın “Universitetin 2015-20-ci illər üzrə strateji inkişaf planının yerinə yetirilməsi vəziyyəti və gələn 5 ildə qarşıda duran vəzifələr” adlı məruzəsi dinlənilib.
İclasda Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayevanın “2019-cu ildə AzMİU-nun professor-müəllim heyətinin beynəlxalq elmmetrik bazalarda təmsil olunması”na dair hesabatı da təqdim olunub. Hər iki məsələ barədə geniş müzakirələr, fikir mübadiləsi aparılıb.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.