Memar tələbələr YARAT-ın “Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış” sərgisində
Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) bir qrup tələbəsinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil olunub.
Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən ekskursiya Mərkəzdə yeni açılan "Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" sərgisinə baxış ilə başlayıb. Memarlıq fakültəsinin tələbələri 15 rəssamın məhz bu ekspozisiya üçün ərsəyə gətirdiyi birinci və ikinci mərtəbələrdəki işləri ilə tanış olublar.
Mərkəzin birinci mərtəbəsində təqdim edilən ekspozisiya, cismin məkanı və şəhərin məkanı, xaos və qayda-qanun, şəxsi və mədəni-sosial məkan, “mən” və “başqaları” arasında görünməyən sərhədləri araşdırdığı halda, ikinci mərtəbədə əks mövqeli ekspozisiya təqdim edilib. Bu ekspozisiya isə təbiətdə - yerdə, göydə və suda sonsuzluq və fiziki anomaliyaların təzahürlərinin araşdırılmasına yönəlib. Hər iki mərtəbədə nümayiş olunan işlər gənc memarlarda böyük marağa səbəb olub.
Qeyd edək ki, sərgi fevralın 16-na kimi YARAT Mərkəzində nümayiş olunacaq. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə və beynəlxalq sərhədlərə aid olan sualları araşdırır. Sərgi hər kəs üçün bazar ertəsindən başqa hər gün, 11:00-dan 20:00-a kimi açıqdır.