AzMİU-da Respublika elmi-praktiki konfrans öz işinə başlayıb
Dekabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) “Tikinti istehsalatında texnoloji maşınların istifadəsinin müasir problemləri” adlı Respublika elmi-praktiki konfrans keçirilib.
AzMİU, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAYDA), Sumqayıt Texnologiyalar Parkı MMC-nin (STP) birgə təşkilatçılığı ilə gerçəkləşən konfransda AAYDA-nın Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov, Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, STP-nin Sendvic Panelər Zavodunun Texniki İstehsalat Şöbəsinin müdiri Bəxtiyar Əmirbəyov, “Grand Motors” MMC-nin Servis xidmətinin direktoru Fərhad Nəzərov, “Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Tural Abbasov və digər istehsalat müəssisələrindən nümayəndələr qatılıb.
Konfransı giriş sözü ilə universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov açıb. Qeyd edib ki, adından da göründüyü kimi, konfrans respublikamız üçün aktual olan bir məsələyə həsr olunub. Ölkəmizin sürətlə bütün sahələrdə inkişaf etdiyini söyləyən prorektor, bunun nəticəsinin tikinti, quraşdırma, quruculuq işlərində də özünü bariz göstərdiyini bildirib. Tikinti istehsalında texnoloji maşınların əhəmiyyətini vurğulayıb, bu sahədə qarşıya çıxan problemlərə diqqət çəkib.
“Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru T.Abbasov və AAYDA Baş İdarəsinin rəis müavini H.Rüstəmov təbrik nitqlər ilə çıxış ediblər. Konfransın işinə uğurlar arzulayıb, proqramda qoyulan vacib problemlərin həlli istiqamətində əsaslı müzakirələrin aparılacağına ümidvar olduqlarını bildiriblər.
Plenar iclasda AzMİU-nun Texnoloji maşın və avadanlıqlar kafedrasının müdiri Allahverdi Bayramov “Tikinti işlərində texnoloji maşınlardan istifadənin müasir problemləri”, AAYDA-nin Nəqliyyat İdarəsinin rəisi E.Cəfərov “Azərbaycan Respublikasında yol tikinti-təmir işlərində istifadə edilən müasir maşın və avadanlıqlar” , STP-nin Sendvic Panelər Zavodunun Texniki İstehsalat Şöbəsinin müdiri B. Əmirbəyov “Sumqayıt texnologiyalar Parkı ixtisaslaşdırılmış zavodlar kompleksidir” mövzusunda məruzələri dinlənilib.
Konfrans öz işini 3 bölmədə davam etdirib.