BMT İnkişaf Proqramının məlumatlandırma seminarı
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” və “EU4Climate” Layihələri üzrə məlumatlandırma seminarı keçirilib. BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilən seminarda Milli Məclis, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müxtəlif dövlət qurumları və digər ali məktəblərdən nümayəndələr iştirak edib.
Seminarı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq bu sahədə universitetdə yaradılmış tədris potensialı, əldə olunmuş nailiyyətlər haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərində universitet müəllimləri və tələbələri fəal iştirak etməlidirlər. Rektor BMT İnkişaf Proqramı ilə bu sahədə əməkdaşlıq üçün AzMİU-da kifayət dərəcədə potensialın olmasını seminar iştirakçılarının nəzərinə çatdırıb.
BMT İnkişaf Proqramının nümayəndələri Xanım Çaru Bist, Çingiz Məmmədov, Milli Məclisin nümayəndəsi Şamil Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsiYaşar Kərimov və digər ekspertlər çıxış edərək ölkədə iqlim dəyişmələri üzrə həyata keçirilən işlərdən və qarşıda duran vəzifələrdən bəhs ediblər. Məruzəçilər ümidvar olduqlarını bildiriblər ki, iqlim dəyişmələrinin tədrisi və bu sahədə maarifləndirmə işlərinin aparılmasında BMT İnkişaf Proqramı ilə AzMİU arasında əməkdaşlıq bundan sonra daha da möhkəmlənəcək.