AzMİU Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib


   Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki yığıncağı keçirilib.  Universitetin akt zalında keçirilən tədbirdə Tədris işləri üzrə prorektor Akif Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, universitetin tələbələri və fakültə gənclər təşkilatının sədrləri iştirak ediblər.       
   Yığıncağı giriş sözü ilə açan AzMİU TGT-nın  sədri İlahə Həsənova TGT-yə  sədrlik etdiyi müddət  ərzində görülən işlər haqqında məlumat verib. O, hesabat məruzəsində  tələbələrlə birgə qatıldıqları ölkə əhəmiyyətli tədbir və aksiyalardan,  onların  asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün görülən işlərdən danışıb. 
    Yığıncaqda TGT-nın yeni tərkibinə baxılıb,  sədrliyə namizədliyi irəli sürülən 3 gəncdən ən çox səs toplayan namizədin adı açıqlanıb.  Səsvermənin nəticələrinə görə, Ülkər Həsənova Tələbə Gənclər Təşkilatının yeni sədri seçilib.
     ATGTİ-nın  sədri F.Məmmədov,  AzMİU-nun Tədris işləri üzrə prorektoru A.Qasımov TGT-nin bu illər ərzində keçirdiyi layihələri və gördüyü işləri yüksək qiymətləndiriblər. Yeni seçilən  tərkibə əvvəlki uğurları təkrarlamağı arzulayıblar. 
     Tədbirin sonunda Ü.Həsənova çıxış edərək göstərdikləri etimada görə tələbələrə və onun namizədliyini təsdiq edən universitet rəhbərliyinə təşəkkürünü bildirib.
     Daha sonra yeni idarə heyəti təsdiq olunub. Yeni idarə heyətinə fakültə sədrləri, departament rəhbərləri və AzMİU TGT-nin növbəti dönəm yeni sədr və müavinləri əlavə olunub.
              


 

17-12-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]