AzMİU ilə 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

         Dekabrın 4-də  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMIU) ilə 166 Global Logistics MMC arasında görüş keçirilib. AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova  qonaqları salamlayıb,  ortaq logistik-akademik fəaliyyətin başladılması təşəbbüsü ilə çıxış etdiyinə görə  şirkətin rəhbərliyinə minnətdarlığını bildirib. Əməkdaşlığın bir çox istiqamətdə real və  çoxşaxəli fəaliyyətə əsaslanacağına ümidvar olduğunu deyib.  
         166 Global Logistics MMC-nin direktoru Ruslan İmamquliyev öz çıxışında bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Əməkdaşlığın nəticəsi olaraq Nəqliyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə həyata keçirəcəkləri aktiv fəaliyyət istiqamətlərindən danışıb.  
          Nəqliyyat fakültəsinin dekanı  Elçin Yusifzadə gələn ildən etibarən Nəqliyyat fakültəsində logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbulun aparılacağının nəzərdə tutulduğunu qeyd edib. Qurulan əməkdaşlığın akademik heyət  və təhsil alacaq tələbələr üçün də faydalı olacağını söyləyib.  Əməkdaşlığın nəticəsi olaraq fakültədə yaradılacaq  Logistika Mərkəzi barədə məlumat verib. Tələbələrinin nəzəri biliklərinin istehsalatda tətbiqinin daha da genişləndirilməsi məqsədi ilə gələn il 5 tələbənin şirkətdə təcrübəyə cəlb olunacağını söyləyib.   
        Görüş zamanı ikitərəfli əlaqələrin perspektivləri, gənc kadrların fərdi inkişafı, sertifikatlaşdırma proqramları, startapçıların layihələrinin reallaşdırılmasına dəstək, təhsildə fərqlənən tələbələrə təqaüdlərin verilməsi, master-klas, təlim, vorkşopların keçirilməsi, xarici və yerli mütəxəssislərin universitetə dəvəti və s. məsələlər müzakirə olunub.  
         Görüşün sonunda şirkət və universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

04-12-2019