AzMİU-nun Elmi Şurasının növbəti iclası keçirilib
Noyabrın 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
Elmi Şuranın iclasında əvvəlcə universitetin Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının professoru Muğan Salahovun 75 illik yubileyi qeyd olunub. Elmi Şuranın sədri, professor Gülçöhrə Məmmədova Muğan Salahovun həyat və fəaliyyətindən söhbət açıb, onun həm sovet dönəmində, həm də müstəqillik illərində universitetimizin elm, təhsil və ictimai həyatında gördüyü işləri şura üzvlərinin nəzərinə çatdırıb.
Elmi Şura sədri Muğan Salahovun bir sıra məsul vəzifələrdə–dekan müavini, dekan, prorektor, kafedra müdiri kimi çalışdığı illərdən danışıb, onu bacarıqlı, təşkilatçı müəllim, alim, ziyalı kimi dəyərləndirib və 75 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıb.
Elmi Şuranın iclasında çıxış edənlərdən İnşaat fakültəsinin dekanı, Əməkdar müəllim Hikmət Məmmədov, rektorun müşaviri, professor İlham Mərdanov, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev yubilyarla bağlı təəssüratlarından söhbət açıb, Muğan Salahovu müəllim adının, alim adının şərəfini həmişə uca tutan, tələbələrinin uğurlarına sevinən bir pedaqoq kimi dəyərləndiriblər.
Muğan Salahov onun barəsində deyilən xoş və səmimi sözlərə görə Elmi Şuranın sədrinə və üzvlərinə öz dərin minnətdarlığını bildirib.
Gündəliyin 2-ci məsələsində universitetin Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyevin “Universitetin Beynəlxalq tələbə-müəllim mübadiləsinin mövcud vəziyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çıxışında universitetin 2018–2019-cu tədris ilini əhatə edən tələbə-müəllim mübadiləsinin mövcud vəziyyəti barədə şura üzvlərinə ətraflı məlumat verib. Məruzə ətrafında müzakirələrdə çıxış edənlərdən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, MİT fakültəsinin dekanı Sabir Məmmədov və Magistratura mərkəzinin müdiri Rövşən Səmədov şöbənin 1 illik fəaliyyətini qənaətbəxş qiymətləndirib və bu kollektivin qarşıda görəcəyi işlər barədə öz rəy və təkliflərini səsləndiriblər.
Sonra iclasın gündəliyində duran 3-cü məsələyə baxılıb. Universitetin İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadənin “Elektron universitet yaradılması istiqamətində görülən işlər və vəzifələr” barədə məruzəsi dinlənilib.
İKT mərkəzinin direktoru universitetdə Elektron sistemlərin qurulmasının vəziyyəti, cari problemlər və qarşıda duran vəzifələr barədə danışıb. O, qeyd edib ki, artıq Elektron universitet modullarının böyük əksəriyyəti hazır olsa da yaxın gələcəkdə yeni alt sistemlərin tətbiqinə də ehtiyac vardır. Təqdimatda E-jurnal, Tələbə məlumat sistemi, İmtahan sistemi, Təkrar təhsil, Əcnəbi tələbələrlə iş, Elektron kitabxana kimi bir sıra sistemlərin tətbiqi zamanı istifadə edilən idarəetmə mexanizm məsələlərinə toxunan S.Talıbzadə, eyni zamanda tədris, administrativ, elmi-tədqiqat və beynəlxalq əlaqələr üzrə avtomatlaşdırma prosesində olan layihələr barədə də Elmi Şura üzvlərinə ətraflı məlumat verib.
Elmi Şuranın iclasında müzakirə olunan məsələlər barəsində rəy və təkliflər səsləndirilib, əməli fəaliyyət üçün qərarlar qəbul olunub.
Elmi Şuranın iclasında bir sıra cari məsələlərə də baxılıb.