AzMİU-da “Audiokitab” layihəsinin təqdimatı olub
Azərbaycan Memarlıq və İnşaat Universitetin(AzMİU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Audiokitab” layihəsinin təqdimatı keçirilib.
Universitetin akt zalında gerçəkləşən görüşdə layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, yaradıcı heyət Əhliman Ərşadlı , Zülfiyyə İsmayılova və Elçin Hacıyev, eləcə də AzMİU TGT-nin fəalları, tələbələr iştirak edib.
Layihənin rəhbəri “Audiokitab” layihəsi barədə tələbələrə ilkin informasiya verib. Qeyd edilib ki, “Audiokitab”da klassik və müasir Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapıb. Layihədə yer alan əsərlər peşəkar aktyorların ifasında səsləndirilib. Tələbələrin rahatlıqla “İOS” və “Android” sistemli telefonlarda “PlayMarket”dən bu proqramı yükləyib audiokitablara qulaq asa biləcəyi diqqətə çatdırılıb. “Audiokitab”ın səyahət zamanı, istirahətdə, müəyyən işlər yerinə yetirərkən kitab dinləməyə imkan yaratdığı bildirilib. Gözdən əlil insanların da layihədən asanlıqla yararlana biləcəyi deyilib.
Tələbələrin böyük maraqla izlədiyi tədbirdə AzMİU TGT-nin İctimaiyyətlə əlaqələr departamentinin sədri Ülkər Həsənova ölkəmizin gələcəyi olan gənc nəslin kitaba olan marağından, mütaliyənin həyatımızdakı rolundan danışıb. Yaradıcı heyət tərəfindən həm Azərbaycan ,həm də dünya ədəbiyyatında yer alan bir neçə əsərdən nümunələr səsləndirilib.