AzMİU-da BDU-nun 100 illik yubileyinə həsr olunan seminar
Noyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş seminar keçirilib.
Seminarı giriş sözü ilə universitetin Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov açıb. O, ölkə başçısı cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı əsasında bu elm təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd olunduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb. Növbəti belə tədbirlərdən birinin də bu gün AzMİU-da keçirildiyini qeyd edib.
Sonra söz universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya verilib. Rektor BDU-nun keçdiyi şanlı və şərəfli yol barədə geniş məruzə ilə çıxış edib. O, çıxışında ilk universitetin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolundan danışıb. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirdiyini deyən rektor, bu ali təhsil ocağının ən görkəmli məzunlarından sayılan Ulu öndərimiz Heydər Əliyevin adını xüsusi vurğulayıb və bu dahi şəxsiyyətin ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini söyləyib.
Gülçöhrə Məmmədova çıxışında BDU-nu Azərbaycan xalqının milli sərvəti, ali məktəblərimizin flaqmanı, elm məbədi adlandırıb. Rektor BDU-nun qabaqcıl pedaqoji kadrlarının Azərbaycan təhsilinin, elminin inkişafı, tərəqqisi naminə yorulmadan çalışdığını vurğulayıb.
Tədbirdə çıxış edənlərdən filologiya elmləri doktoru, professor Şirindil Alışanov, filologiya elmləri doktoru, professor Yeganə İsmayılova, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru Səhər Orucova, BDU-nun elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə təmsil etdikləri universitetin dünəni, bu günü barədə danışıb, universitetlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev, AzMİU-da çalışan və BDU-nun məzunu olmuş Akif Hacıyev təbrik nitqləri ilə çıxış ediblər.
Sonda universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov tədbir iştirakçıları adından belə bir yığıncağın AzMİU-da keçirilməsində əməyi olan universitetin rəhbərliyinə, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədliyə, habelə çıxış edən BDU-nun professor-müəllim heyətinin üzvlərinə öz təşəkkürünü bildirib.