Xarkov Milli Avtomobil-Yol Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında müqavilə imzalanıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) əməkdaşları , Xarkov Milli Avtomobil-Yol Universitetinin dəvəti ilə 12-16 noyabr tarixlərində Ukrayna Respublikasına səfər ediblər. Səfərin əsas məqsədi, universitetlər arasında qarşılıqlı əlaqələrin yaradılması və "Nəqliyyat qurğuları: vəziyyəti, saxlanılma problemləri və təmiri" mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmək olub.
AzMİU-nu bu səfərdə Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə və Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının baş müəllimi Rövşən Sədiyev təmsil edib. Səfər zamanı nümayəndə heyətimiz XNADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qeorqiy Toxtar ilə görüşüb. Bu görüşdə universitetlərarası qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə danışıqlar aparılıb. Daha sonra nümayəndə heyəti tanışlıq üçün universitetin bir sıra fakültələrini gəziblər. Səfərin ikinci günü nümayəndə heyətini universitetin rektoru, professor A.M.Turenko qəbul edib, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparılıb, iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Daha sonra Nəqliyyat fakültəsinin dekanı XNADU-nun rəhbər strukturlarının iştirakı ilə AzMİU haqqında geniş təqdimatla çıxış edib, universitetlə bağlı sualları cavablandırıb.
Səfərin üçüncü günü nümayəndə heyətimiz "Nəqliyyat qurğuları: vəziyyəti, saxlanılma problemləri və təmiri" mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Konfransın açılış mərasimində XNADU-nun elmi işlər üzrə prorektoru, professor V.A.Boqomolov giriş nitqi ilə çıxış edib. Sonra təbrik nitqi ilə çıxış etmək üçün söz E.Yusifzadəyə verilib. Dekan, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova adından konfrans iştirakçılarını salamlayıb, rektorun təbriklərini konfrans iştirakçılarına çatdırıb və təmsil etdiyi universitet barədə danışıb. Konfransın plenar iclasında fakültənin müəllimi R.Sədiyev "New approaches, on calculation of drilled piles, regarding to geological conditions" mövzusunda məruzə ilə çıxış edib.