Müəllimlərimiz “SƏTƏM” təlimlərini uğurla tamamlayıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “SƏTƏM” (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) təlimlərini uğurla bitirən və yekun imtahandan müvəffəqiyyətlə keçən Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimlərinə sertifikatlar təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə tədris işləri üzrə prorektor professor Akif Qasımov, Starteji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İslam Mustafayev, “TCS” şirkətinin rəhbərliyi və müəllimlər iştirak ediblər.
Prorektor Akif Qasımov çıxış edərək AzMİU və “TCS” şirkəti arasında imzalanan memorandum əsasında həyata keçirilən “SƏTƏM” təlimlərinin kafedranın müəllimlərinə verdiyi üstünlüklərdən danışıb. Təlim boyu onların qeyd olunan sahə üzrə qabaqcıl beynəlxalq standartların tələb etdiyi müasir bacarıq və səriştələrə yiyələndiyini bildirib. Qazanılan biliklərin gələcəkdə tədrisin keyfiyyətini yüksəltmək, əmək bazarının gözləntilərini qarşılamaq, sətəm mütəxəssislərinin çatışmazlığını aradan qaldırmaq istiqamətində ciddi irəliləyiş yaradacağını söyləyib.
Digər çıxışçılar da təlimləri yüksək qiymətləndirib, sertifikat əldə edən müəllimləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirək ki, Strateji planlaşdırma şöbəsinin təşkil etdiyi təlimlər AzMİU-nun partnyor şirkəti olan “TCS” şirkətinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılıb. İki ay davam edən təlimlərin sonunda müəllimlər imtahanlara cəlb olunub. Yekunda imtahanı müvəffəqiyyətlə keçmiş müəllimlər şirkət tərəfindən sertifikatlara layiq görülüb. Kafedranın 2 müəllimi- Siyavuş Gözəlov və Emil Qafarov isə şirkətlə yanaşı beynəlxalq səviyyəli “İOSH" sertifikatını da əldə ediblər.
Sonra təlim iştirakçılarına “TCS” şirkəti tərəfindən sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “TCS” şirkəti 2007-ci ildən bəri yerli və beynəlxalq bazarda dövlət və özəl şirkətlərə peşəkar xidmətlər və ekspert təmsilçiliyi təqdim edən təşkilatdır.
Hazırda AzMİU ilə əməkdaşlığın davamı olaraq "Keyfiyyət təminatı və keyfiyyətə nəzarət " adlı beynəlxalq səviyyəli təlimləri həyata keçirir.