YARAT nümayəndələri AzMİU-da təqdimat ediblər


          Noyabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  “YARAT” Müasir İncəsənət Mərkəzinin  ART könüllü proqramının təqdimatı keçirilib.  Memarlıq fakültəsinin tələbələri üçün nəzərdə tutulan görüşdə Mərkəzin təhsil proqramları üzrə meneceri Ruqiyyə Salmanova, təhsil proqramları üzrə köməkçi  Aysel Əliyeva  iştirak edib. 
          Strateji Planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərov gələn nümayəndələri salamlayaraq “YARAT” və AzMİU arasında sıx əməkdaşlığın qurulduğunu, mütəmadi olaraq mərkəzə ekskursiyaların təşkil olunduğunu bildirib.
          Mərkəzin Təhsil proqramları üzrə meneceri Ruqiyyə Salmanova “YARAT” Müasir İncəsənət Mərkəzi barədə tələbələrə ətraflı məlumat verərək, mərkəzin həyata keçirdiyi böyük layihələrdən danışıb. Proqramın memar tələbələr üçün olan üstünlüklərini diqqətə çatdırıb. O, ART Könüllü proqramına müraciət edən tələbələrin YARAT təşkilatında müxtəlif layihələrdə iştirak  etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə əvəzolunmaz təcrübə qazanacağını söyləyib. Proqrama qatılan şəxslərin həmçinin yaradıcı komandada iş, müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanı əldə edəcəyini, proqramı uğurla başa vuranların sertifikatla təmin olunacağını bildirib.  
           Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb, proqrama müraciət üçün anketlər paylanılıb.  


 

08-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]