AzMİU-da radiasiya və kimyəvi təhlükəsizlik problemlərinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb


           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Radiasiya və kimyəvi təhlükəsizlik problemləri mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradanlardan biri,   texnika elmləri doktoru, professor, polkovnik Həbib Ocaqovun anadan olmasının 80 illik yubileyinə həsr olunub.  Konfransda insan sağlamlığı və ətraf mühit üçün yaranan risklərin idarə olunmasında mühüm  yer tutan  radiasiya və kimyəvi təhlükəsizliyin mühüm istiqamətləri müzakirə olunub. 
          Konfransda ölkəmizin 40-dan çox elm və təhsil müəssisələri ilə yanaşı,  ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstandan  24 təşkilatı təmsil edən 150-ə yaxın mütəxəssis iştirak edir. Binalarda və yaşayış ərazilərində radiasiya fonu, kimyəvi çirklənmələr, inşaat materiallarında kimyəvi və radiasiya riskləri, radon problemi, transsərhəd kimyəvi risklər və s kimi istiqamətləri əhatə edən 170-ə yaxın məruzə konfransın proqramına daxil edilib. ABŞ-ın Kolorado Universitetinin, Almaniyanın Helmholts Centrum elmi mərkəzinin, Rusiyanın Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının və dünyanın digər nüfuzlu elm mərkəzlərinin nümayəndələri konfransda məruzələrlə çıxış edəcəklər.
           AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açıb, konfrans iştirakçılarını, qonaqları salamlayıb. Bu mövzuda beynəlxalq tədbirin ölkəmizdə ilk dəfə keçirildiyini deyən rektor onun əhəmiyyətini xüsusi vurğulayıb. Rektor konfransın professor Həbib Ocaqova həsr olunmasını  Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradan görkəmli alimin xatirəsinə layiqli töhfə kimi dəyərləndirib. Çıxışında G.Məmmədova alimin həyat yoluna nəzər salıb, AzMİU-da, kafedrada gördüyü işlərdən danışıb. 
            Rektorun çıxışından sonra təbrik nitqləri söyləyən Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının prezidenti Gennadi Rodin, AMEA-nın müxbir üzvü, professor, Radiasiya problemləri institutunun direktoru Oqtay Səmədov da konfransın aktual və günümüzlə səsləşən bir mövzuya həsr olunduğunu qeyd ediblər. 
             Təbrik çıxışlarından sonra H.Ocaqovun qızı Səkinə Abdullayeva atasının xatirəsinə həsr olunmuş konfransın keçirilməsinə görə Universitetin rəhbərliyinə ailəsi adından təşəkkür edib, konfrans iştirakçılarına uğurlar arzulayıb.  
            Konfrans plenar iclasla öz işinə davam edib, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Kimyəvi təhlükəsizliyin prioritet istiqamətləri”, professor  Müslüm Qurbanov “Radiasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi və metodoloji aspektləri” mövzusunda məruzələrlə çıxış ediblər. 
              İki gün davam edəcək konfransda alimlər radiasiya və kimyəvi risklərin idarə olunmasında smart və innovativ texnologiyaların istifadəsi üzrə informasiya və təcrübə mübadiləsi aparcaq, bu sahədə birgə elmi-tədqiqatların və tədrisin inkişaf etdirilməsi üzrə əməkdaşlığın səmərəli yollarını müzakirə edəcəklər. 
 

05-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]