Rektor MİT fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinin I kurs tələbələri ilə görüşüb.
Görüşdə çıxış edən fakültənin dekanı Sabir Məmmədov birinci kurs tələbələri ilə keçirilən görüş üçün rektora dərin təşəkkürünü bildirib. Belə görüşlərin tələbələr üçün əhəmiyyətini vurğulayıb. Daha sonra sözü universitetin rektoru, professor G.Məmmədovaya verib.
Rektor I kurs tələbələrini və onların valideynlərini övladlarının ali məktəbə qəbul olması münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra G.Məmmədova ənənəvi hal alan belə görüşlərin keçirilməsində əsas məqsədin universitetin daxili nizam-intizam qaydaları, tələbələrin vəzifələri, hüquqları barədə onları məlumatlandırmaqdan ibarət olduğunu vurğulayıb. Universitetdə təhsil alan tələbələr üçün universitet tərəfindən hər cür şəraitin yaradıldığını deyən rektor universitetin müasir maddi-texniki baza ilə təmin olunduğunu qeyd edib. Praktiki dərslərdə tələbələrə fakültənin nəzdində fəaliyyət göstərən və müasir texnologiyalarla təmin olunan laboratoriyalardan yararlanmağı məsləhət görüb. Eyni zamanda universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub. Rektor tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmagı tövsiyə edib.
Tərbiyə işləri üzrə prorektor Tofiq Qasımov da tələbələri nizam-intizama çağırıb, universitetin daxili qaydalarına əməl etməyə səsləyib.
Tələbələrlə görüşdə rektor onları maraqlandıran bütün sualları ətraflı cavablandırıb, tələbələrin ayrı-ayrılıqda arzu və təkliflərini, şikayətlərini dinləyib və lazımi tövsiyələrini verib.