Atəşgah Sığorta Şirkəti tələbələrimiz üçün iş imkanı qazandırır
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əsas korpusunun foyesində tələbələr üçün "Atəşgah sığortada karyera imkanları "adlı bir günlük sərgi açılıb. Təcrübə və karyera şöbəsinin dəstəyi ilə ərsəyə gələn sərgiyə maraq yüksək olub. Tələbələr stendə yaxınlaşaraq şirkət nümayəndələri ilə ünsiyyətdə olub, şirkətin təcrübə və iş elanları ilə maraqlanıblar. İlkin addımda tələbələrin CV (Curriculum Vitae) formaları toplanılıb, şirkətdə təcrübə keçmək istəyən gənclərə anketlər paylanılıb.
Sığorta şirkətinin əməkdaşları Rekrutinq və təlim şöbəsinin müdiri Babək Məmmədov, Rekrutinq və təlim şöbəsinin adminstratoru Əbülfəz Abdullayev, Pərakəndə satış idarəsinin menecerləri Elnur Zeynalov və Kamran Əliyev tələbələrə şirkətin onlar üçün yaratdığı təcrübə imkanı barədə ətraflı məlumat veriblər.
Bildirək ki, şirkətdə təcrübə keçmək istəyən gənclər iş prosesiylə yaxından tanış olacaq, bu prosesdə fəallıq göstərənlər şirkətin müəyyən strukturlarında işlə təmin ediləcəklər.