“Enactus AzMİU” komandasına yeni üzvlər seçilib

    Oktyabrın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Beynəlxalq Proqramlar sektorunun dəstəyi və təşkilatçılığı ilə “Enactus AzMİU” komandasının yeni tərkibinin təqdimat mərasimi keçirilib. Təqdimatda Enactus Azərbaycanın Proqram direktoru  Əziz Fələkzadə,  Beynəlxalq Proqramlar sektorunun müdiri İsa Muradov iştirak edib. 
    Beynəlxalq Proqramlar sektorunun müdiri İsa Muradov tədbiri açıq elan edərək hər kəsi salamlayıb. O, deyib: “Təqdimat mərasiminin keçirilməsində məqsəd “Enactus AzMİU” komandasına yeni üzvləri cəlb etmək və komandanın fəaliyyətini nəzərə çatdırmaqdır.  Universitetdə kifayət qədər biznes ideyası olan potensiallı tələbələr var, biz həmin gənclərlə birgə “Enactus AzMİU” komandasında çalışaraq qarşıya qoyduğumuz hədəflərə çatmağı arzulayırıq”.  
    Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının tarixindən ətraflı söz açan Enactus Azərbaycanın Proqram direktoru  Əziz Fələkzadə bildirib ki, proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Enactus - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. Enactus ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.  Enactus Azərbaycanda isə 2005-ci ildən fəaliyyətdədir. Enactus komandasının üzvü olmaq istəyən gənclərə qoyulan tələblər, onların işində əsas istiqamətlər, əsas hakimlik meyarı barədə informasiyalar verib.  
   Sonda “Enactus AzMİU” komandasının yeni üzvləri seçilib.  Komandanın köhnə üzvləri  olan tələbələr danışıb, yeni seçilən tərkibə uğurlar arzulayıblar.  

23-10-2019