Universitet rektorluğu İnşaat-texnologiya fakültəsinin tələbələri ilə görüşüb


      Oktyabrın 22-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin İnşaat-texnologiya fakültəsinə bu il daxil olan I kurs tələbələri ilə görüşüb. Görüşdə prorektorlar, adıçəkilən fakültənin dekanı, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib. 
      Fakültənin dekanı Tahirə Haqverdiyeva başda rektor olmaqla, universitetin prorektorlarını  1-ci kurs tələbələrinə təqdim edib. Tədrisin ilk həftəsindən fakültəyə yeni qəbul olan tələbələrlə görüşlərin keçirildiyini, bununla da onların universitet, tədris prosesi barədə məlumatlandırıldığını bildirib.
      Universitetin rektoru Gülçöhrə Məmmədova  AzMİU-nun tarixinə nəzər salaraq  universitetin ümummilli lider Heydər Əliyevin təşəbbüsüylə yaradıldığını gənclərin diqqətinə çatdırıb.  Fakültənin 3 aparıcı ixtisası- fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq mühəndisliyi və tikinti materialları və məmulatları texnologiyası mühəndisliyi üzrə universitetdə savadlı professor-müəllim heyətinin çalışdığını və onların tədris etdikləri fənlərin tələbələrin mütəxəssis kimi yetişməsində mühüm rol oynayacağını qeyd edib. Tələbələrə  asudə vaxtlarının səmərəli keçirmələri üçün universitet tərəfindən hər cür şəraitin yaradıldığını, universitetin böyük kitabxanası, elektron kitabxana bazasının olduğunu qeyd edib. Onları universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarına qoşulub, layihələrdə və aksiyalarda aktiv iştirak etmələrini məsləhət görüb.  Sonda bir daha gəncləri universitetin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, təhsillərində uğurlar  arzulayıb.
      Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov  çıxış edərək görüşün tələbələr üçün olan əhəmiyyətindən danışıb. Universitet rəhbərliyi olaraq hər zaman tələbələrin problemləri ilə maraqlandıqlarını, tələbələrin şikayət və problemləri üçün həm rektorun, həm də tədrisə məsul digər əməkdaşların  qəbullarına düşmək imkanı yaradıldığını, problem və şikayətlərin yerindəcə həll edildiyini tələbələrin diqqətinə çatdırıb. Görüş tələbələrin sualları ilə başa çatıb.
   

22-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]